ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin vəzifəsindən getməsi daha ABŞ üçün prioritet sayılmır.
Səfir Nikki Haley cümə axşamı jurnalistlərə "biz əvvəlki administrasiyasının etdiyi kimi diqqətimizi Əsəd-ə yönləndirməyəcəyik", deyib. Əvvəlki ABŞ prezidenti Barack Obama-nın hakimiyyəti dövründə ABŞ Bəşər Əsədin getməli olduğunu deyib və ona qarşı mübarizə aparan üsyançıları dəstəkləyib. BBC-nin Dövlət Departamenti müxbiri Barbara Plett Usher deyir ki, xanım Haley ABŞ-ın bir müddətdir davam edən siyasətini açıqca etiraf edib. Obama administrasiyasının Suriyada son bir ildəki əsas prioriteti özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı döyüşmək olub, müxbirimiz deyir. Və Rusiyanın faktiki olaraq cənab Əsədin hakimiyyətinin möhkəmləndirilməsi üçün 2015-ci ildə müharibəyə daxil olması onu sıxışdırmaq üçün Vaşinqtonun müxalifətə yardım şansını bağlayıb. Cümə axşamı Türkiyəyə səfəri zamanı çıxış edən ABŞ Dövlət Katibi Rex Tillerson deyib ki, Bəşər Əsədin uzunmüddətli gələcəyinə "Suriya xalqı tərəfindən qərar veriləcək". Suriya müxalifətinin nümayəndəsi xanım Haley-nin çıxışını "uğursuz" adlandırıb və əlavə edib ki, amerikalı nümayəndələr buna "zidd mesajlar" göndərir. Prezident Donald Trump Suriya vətəndaş müharibəsi zamanı öz hərbi gücü ilə cənab Əsədi dəstəkləyən Rusiya ilə daha sıx işləməyə söz verib.
Sorğu
Yeni dizaynımız necədir?