Əfqanıstanda özünü İslam Dövləti adlandıran qruplaşmanın başçısı Əbdül Hasib həlak olub, ölkə prezidenti Əşrəf Qəninin idarəsi bəyan edib. Məlumata görə, o, 10 gün əvvəl şərqi Nəngəhar əyalətində Əfqanıstan xüsusi təyinatlılarının rəhbərlik etdiyi əməliyyatda öldürülüb. Əbdül Hasibin mart ayında 30-dan çox insanın ölümünə səbəb olan Kabil hərbi hospitalına hücumun arxasında olduğu hesab edilir. Ötən ay Pentaqon Hasibin "yəqin ki, ABŞ və Əfqanıstan xüsusi təyinatlıları tərəfindən reyd zamanı öldürüldüyünü" deyib. Aprel ayında ABŞ Əfqanıstanın Nəngəhar əyalətində İD qruplaşmasının yaraqlıları tərəfindən istifadə olunduğu ehtimal edilən tunel kompleksinə öz hərbiyyəsi tərəfindən münaqişələr zamanı atılan ən böyük qeyri-nüvə bombası ilə zərbə endirib. 9,800 kq-lıq GBU-43/B (MOAB) bombası 9 metr uzunluğundadır və ona "bütün bombaların anası" adı verilib. İD 2015-ci il yanvarında Xorasan (Əfqanıstan və ətraf rayonlarının köhnə adı) filialının yaradılmasını elan edərək bildirib ki, Əfqanıstan və Pakistana gedir. Bununla qrup ilk dəfə Ərəb dünyasından kənarda yayılmasını rəsmi təsdiq edib. O zamandan bəri qruplaşma bir neçə hücum həyata keçirib. 2016-cı ilin iyulunda Kabildə keçirilən mitinqdə baş verən intiharçı bomba hücumu nəticəsində 80 nəfər həlak olub. Hadisədən 3 ay sonra Aşura dini festivalı zamanı iki oxşar hücum 30 nəfərin ölümünə səbəb olub. Ötən ilin noyabrında isə Kabildə məscidə hücum nəticəsində 30-dən çox insan həyatını itirib. İD, həmçinin, fevral ayında 22 nəfərin ölümü ilə nəticələnən Kabil Ali Məhkəməsinə intiharçı hücuma görə məsuliyyəti üzərinə götürüb. Qrup həm Əfqanıstanda, həm də Pakistanda fəaliyyətini aktivləşdirib.
Sorğu
Yeni dizaynımız necədir?