Rusiyanın ABŞ-dakı səfiri, Tramp və onun komandası ilə şübhəli təmaslarına görə ABŞ xüsusi xidmət orqanlarının, Konqresin təhqiqat obyekti olan Sergey Kislyakın tezliklə Vaşinqtonu tərk edəcəyi gözlənilir.
Gündəm Xəbər Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol özünün Tvitter bloqunda yazıb. Səfir Kislyakın geri çağırılacağı haqda şaiyələr hələ mayın əvvəllərində yayılmışdı. Bu rus diplomat Tramp-Rusiya əlaqələrinə dair təhqiqata görə ABŞ KİV-lərinin bir nömrəli müzakirə obyektinə çevrilib, onun personası Rusiyanın Amerikaya qarşı gizli siyasətinin təcəssümü kimi nəzərdən keçirilir. İndi elə vəziyyət yaranıb ki, Trampın komandasının üzvləri Kislyakı görəndə ondan yan keçməyə çalışırlar.
2012-2014-cü illərdə Moskvada işləmiş Maykl Makfol bu gün səhər tezdən belə tvit yazıb: “Səfir Kislyak Rusiyanın ABŞ-dakı nümayəndəliyini tərk etməyə hazırlaşır. Ona xoş arzularımı çatdırıram...Onunla işləməkdən məmnun idim, hərçənd bizim baxışlarımız fərqlənirdi”.
Makfolun bu xoş sözləri dərhal sosial şəbəkələrdə diskussiyalara səbəb olub, diplomatı qınayıblar ki, o nəyə görə ABŞ-ın qatı düşməni haqda bu cür ifadələr işlədir. Makfol isə iradlara cavab olaraq bildirib ki, Rusiyanın ABŞ-dakı demokratik prosesə zərbə vurmaq cəhdləri haqda deyilənlərə inanmır. Hərçənd Trampın Rusiyanın dəstəyi ilə seçildiyini deyənlərdən biri də elə həmin Makfol idi.
Gözlənilir ki, Sergey Kislyak Trampla Putin arasında baş tutacaq ilk görüşə qədər geri çağırılacaq. Onun yerinə müdafiə nazirinin müavini Anatoli Antonovun təyin ediləcəyi haqda xəbərlər var.
Sorğu
Yeni dizaynımız necədir?