Polşada müdafiə naziri Antoni Maçereviç Rusiya xüsusi xidmət orqanları və mafiya ilə əlaqələrdə ittiham edilib.
Sözügedən ittihamlar yazıçı və jurnalist Tomaş Pontekin “Maçereviç və onun sirri” adlı yeni kitabında yer alıb. O, kitabda 1,5 illik araşdırmasının nəticələrini təqdim edib. “Antoni Maçereviç QRU (Rusiya Baş Kəşfiyyat İdarəsi - red.) ilə bağlıdır. Mən əlaqələri Rusiyaya aparan dörd şəbəkəni göstərdim”, - o kitabın təqdimatında bildirib. Jurnalist həmçinin nazirin Rusiya ilə əlaqələrinin xəritəsini təqdim edib. Xəritədə onlarla şəxs, şirkət və müəssisə təsvir edilib. Bu sxemin mərkəzində “Solntsevski mafiyası” dayanır. Pontekin iddiasına görə, müdafiə naziri QRU və “Solntsevski mafiyası” ilə bağlıdır. Qeyd edilir ki, Moskvanı Maçereviçlə bağlayan birinci insan deputat Robert Luşnyadır. O, Müdafiə Nazirliyinin çoxillik əməkdaşı və sovet Polşasında təhlükəsizlik xidmətinin agenti idi. Pontekin fikrincə, Luşnya hazırda Polşada QRU ilə bağlı olan əsas casusdur. Araşdırmanın müəllifi həmçinin Varşavadakı “Bayquş və dostlar” restoranında həyata keçirilən tarixi dinləmədə rus izini aşkar edib. 2013-cü ildə “Wprost” nəşri restoranın VIP zalında Polşa hökumətinin üzvlərinin bir neçə söhbətinin yazılarını dərc etdi. Toplantıda iştirak edən xarici işlər naziri Radoslav Sikorski Polşanın ABŞ-la ittifaqını tənqid edib. Xatırlanır ki, dinləmə hakim Vətəndaş Platformasının parlament seçkilərində məğlubiyyəti ilə nəticələndi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?