Rusiya-Türkiyə yaxınlaşmasının Qafqaza mənfi təsiri olmayacaq.
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
“Bir həftə öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İrəvana göndərdiyi mesajında Azərbaycana qarşı istənilən təxribatın qarşısında Türkiyənin dayanacağını söylədi. Üstəlik, Naxçıvanda Türkiyənin baza statuslu hərbi qüvvələri yerləşdirilir. Azərbaycan-Türkiyə münasibətləri daha da yüksək səviyyəyə qalxır. Türkiyə, Azərbaycan və Gürcüstan ordularının birgə təliminin keçirilməsi, eyni zamanda bölgədən keçən neft-qaz kəmərlərinin birgə qorunması haqqında ümumi razılıq əldə olunub. Artıq bir dəfə bu ölkələr birgə qərargah təlimləri də keçiriblər. Türkiyə nə Azərbaycan, nə də Gürcüstana mənfi təsir göstərəcək addım atacaq”, - deyə o bildirib./axar.az/
Politoloqun fikrincə, Türkiyəyə Azərbaycan və Gürcüstanla hərbi ittifaq yaratmaq hava və su kimi lazımdır:
“Türkiyə Qafqaz dövlətidir. Naxçıvana gəlincə isə burada Türkiyənin xüsusi səlahiyyətləri var. Qars müqaviləsinə əsasən, Naxçıvan üçün yaranan istənilən təhdid zamanı Türkiyə birbaşa məsuliyyəti üzərinə götürür. Ermənistandakı Rusiyanın Gümrü bazasına alternativ olaraq Naxçıvanda, eləcə də Gürcüstanda Türkiyənin baza yaratmaq istəməsi məntiqə uyğundur. Rusiya buna heç bir halda etiraz edə bilməz. Türkiyə-Rusiya münasibətlərinin dərinləşməsi müəyyən bir limitə qədər olacaq. Bu limitdən o yana iki dövlət arasında yaxınlaşma olmayacaq. Çünki Türkiyə NATO dövlətidir. Rusiya-Türkiyə münasibətlərinin dərinləşib strateji xarakter alacağını proqnozlaşdırmıram”.
Qeyd edək ki, son zamanlar Türkiyə-Rusiya münasibətlərində daha ciddi yaxınlaşma var. Artıq tərəflər arasında Suriya məsələsində razılıq əldə olunub. Üstəlik, Rusiya rəsmilərinin tez-tez Türkiyəyə səfərləri müşahidə edilir. Türkiyəyə sonuncu dəfə Rusiya Müdafiə naziri Sergey Şoyqunun səfər edib, Prezident Ərdoğanla məxfi görüşməsi də bu qəbildəndir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?