Ötən gecə Türkiyədə 15 iyul uğursuz hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bütün ölkə boyu mərasimlər, yürüşlər, kütləvi dualar keçirilib.
Hərbi qiyamın başladığı saatlarda ölkənin hər yerində eyni vaxtda bütün məscidlərdə çevrilişin qarşısının alınması zamanı həlak olanların xatirəsinə dualar oxunub, azan verilib. İstanbul və Ankarada isə yüz minlərlə insanın iştirakı ilə Milli Birlik yürüşü keçirilib.
Ankarada yürüş yerli vaxtla gecə saat 02.32-də Böyük Millət Məclisinin qarşısında mitinqlə başa çatıb. Bir il əvvəl məhz həmin saatda qiyamçıların F-16 təyyarəsi Böyük Millət Məclisinin binasına bomba zərbələri endirmişdi.
Mitinqi parlamentin sədri İsmayıl Kahraman açıb. Daha sonra sözü prezident Rəcəb Tayyib Ərdoğana verib. Ərdoğan çıxışında Türkiyənin hər tərəfdən düşmənlərlə əhatə olunduğunu deyib.
“Güclü olmasaq bizə bir gün də olsa yaşamaq haqqı verməyəcək o qədər düşmən pusquda gözləyir ki, adlarını tək-tək saysaq beynəlxalq böhranla qarşılaşarıq”-Ərdoğan deyib. Ərdoğnın sözlərinə görə, bir il əvvəl türk milləti millət olduğunu bütün dünyaya sübut edə bildi. Prezident ötən il iyulun 15-də Türkiyə tarixinə yeni qəhrəmanlıq səhifəsinin həkk olunduğunu deyib.
“Ordulaşmış bir xəyanət şəbəkəsinə qarşı millət ürəyiylə, çılpaq əlləriylə mübarizə apardı. Mənim millətim o xainlərə qarşı silahlamı dayandı? Əlindəki bayrağı və ürəyindəki imanı ilə dayandı. Dünyada bunun başqa nümunəsi yoxdur. Gülləni sinəsiylə dayandıran başqa millət də yoxdur”-Ərdoğan deyib.
Ərdoğanın çıxışı zamanı kütlə bir il əvvəlki qiyamda iştirak edən Fətullah Gülən tərəfdarlarını nəzərdə tutaraq “edam” deyə qışqırıb. Ərdoğan edam çağırışlarına cavab olaraq deyib ki, məsələ parlamentin gündəminə çıxarılacaq və qəbul ediləcək.
“Qəbul ediləcəyinə inanıram. Parlamentdən keçəndən sonra mənə təqdim olunduğu zaman tərəddüd etmədən imzalayacağam. Çünki 250 şəhidimizin və millətimizin burada ahı var. 2193 qazimizin haqqı var. Hans nədir? Con nədir? Mən bunlara baxmaram...”-Ərdoğan deyib.
Türkiyə prezidenti hərbi qiyama görə həbs edilən FETÖ mənsubları barədə verdiyi qərarı da mitinqdə açıqlayıb. Bildirib ki, bu günlərdə qiyamçılardan birinin məhkəməyə üzərində “Qəhrəman” sözü yazılmış köynəklə çıxmasından sonra baş nazir Binəli Yıldırımla görüşüb. Ona təlimat verib ki, şübhəlilər bundan sonra məhkəməyə Quantanamo məhbusları kimi vahid narıncı geyimdə çıxarılsın.
Ərdoğanın sözlərinə görə, 15 iyul birinci olmadığı kimi sonuncu hücum da olmayacaq. “FETÖ-nun, PKK-nın, İŞİD-in arxasında kimlərin dayandığını bilirik. Əvvəlcə bu xainlərin başlarını qoparacağıq”-o bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?