Xəbər verildiyi kimi ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanla sərhəd Tavuş bölgəsində olub və erməni mövqelərinə baş çəkib. Daha sonra hərbi geyimdə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramının aparıcısına müsahibə verib. Telekanal həmin müsahibəni ötən axşam yayımlayıb və məlum olur ki, Sərkisyan Qarabağ məsələsi və Rusiyanın Azərbaycana silah satması kimi mövzularda geniş danışıb.
Sərkisyan Rusiyanın Azərbaycana silah satmasını “erməni-rus münasibətlərində ən ağrılı məsələ” adlandırıb. “Bu məsələ çox şeyin üzərinə kölgə salır”-Sərkisyan sanki öz ağasının siyasətini bəyənməmək cəsarəti nümayiş etdirirmiş kimi, müsahibədə bildirib.
Ermənistan rəhbərinin sözlərinə görə, Rusiyanın Azərbaycanı silahlandırması nəticəsində hələlik “ciddi heç nə baş verməyib” və əgər nə vaxtsa ciddi nəsə baş versə o zaman ittiham eləmək olar. “Əgər ciddi nəticələr olmayacaqsa biz bunu Rusiya tərəfinin regonda vəziyyəti stabilləşdirməyə yönələn uzunmüddətli siyasi fəaliyyəti hesab edəcəyik”-Sərkisyan bildirib. Ermənistan rəhbərinin sözlərinə görə, Azərbaycana silah satışına görə Yerevanda Rusiya ilə münasibətlərə yenidən baxmaq çağırışları “çox təhlükəlidir”. “Bunlar olduqca təhlükəli sözlərdir və olduqca pis situasiya yarada bilər”-o, əlavə edib. “Deyəndə ki, münasibətlərə yenidən baxaq, o zaman siz kiminlə münasibətlərə yenidən baxmağı və ya yaxşılaşdırmağı nəzərdə tutursunuz? Türkiyə ilə, yoxsa NATO ilə? Fikirləşirsiniz ki, hamı qollarını açıb Ermənistanı ağuşuna almağı gözləyir?”-Sərkisyan bildirib.
İşğalçı ölkənin başçısı təsdiq edib ki, Ermənistan Qarabağ danışıqlarında heç vaxt güzəşt mövqeyi tutmayıb, başqa sözlə, danışıqlar naminə danışıqlar aparıb. Məqsədi status-kvonu mümkün qədər uzatmaq olub.
“Son 20 ildə biz heç vaxt güzəştlər haqda danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır. Mən əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meylləri yaranmayacaq, belə ki, bu, həllə aparıb çıxara bilməz”-Sərkisyan bildirib.
Ermənistan rəhbəri silahlanma məsələsinə qayıdaraq deyib ki, ötən ilin aprel döyüşləri zamanı erməni tərəfi Azərbaycanın almağa imkan tapdığı bir sıra silahlara malik deyildi. “Bəyəm bu sirrdir ki, Azərbaycan bizdən varlıdır, silahlanmaya və s. böyük vəsait xərcləyir? Sirr deyil. Və birdən kimsə desə ki, iki ilə, beş ilə Ermənistanı Azərbaycandan daha varlı edəcək, o adamı siyasətdən uzağa qovmaq lazımdır, çünki bu, şarlatanlıqdır, yalandır”-Sərkisyan deyib.
İşğalçı ölkənin başçısı təsdiq edib ki, Qarabağda hərbi əməliyyatların başlanması onun ölkəsi üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. “Dağlıq Qarabağda döyüş əməliyyatları olduqca arzuolunmazdır, və ilk növbədə Ermənistan üçün arzuolunmazdır. Danışıqlar prosesinij alternativi yoxdur. Alternativi döyüş əməliyyatlarıdır ki, bu da arzuolunmazdır. Bizim üçün arzuolunmazdır, üstəlik ola bilsin ilk növbədə bizim üçün”-Sərkisyan əlavə edib./virtualaz.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?