The İndependent" aparıcı Columbia Universiteti professoruna istinadən yazır ki, Donald Tramp böyük bir ehtimalla oğluna, ya da kürəkəninə görə istefa verməli olacaq.
Philip Bobbitt hesab edir ki, prezidentin istefasına onun ailə üzvlərindən bəzilərinin mühakimə edilməsinin səbəb olacağı ən inandırıcı variantlardan biridir. Oğul Donald Tramp-ın açıqladığı e-maillərdən aydın olub ki, onunla birlikdə Kremlə bağlı vəkilin görüşündə, prezidentin kürəkəni Jared Kushner və seçki kampaniyasının başçısı Paul Manafort da iştirak ediblər. Həmin e-maillərdən birindən məlum olurdu ki, oğul Tramp vəkillə görüşməyə razılığı ondan Hillary Clinton barədə gözdən salan məlumat almaq üçün verib. "Tramp-ın siyasi məqsədlərinin nə olmasından asılı olmayaraq, bəlli olan budur ki, son seçkidə sülalə yaratmaq niyyəti iki siyasi sülaləni məhv edib," - deyib professor Evening Standard qəzetinə. Onun sözlərinə görə hazırda istefa nə qədər uzaq perspektiv kimi görünsə də, istefa prezidentin öz uşaqlarını həbsxanadan, özünü isə gələcək mühakimədən qorumaq üçün yeganə seçimi ola bilər. Professor bildirib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsindən yaranmış qalmaqaldan ən yaxşı çıxış yolu prezidentin istefası olacaq. Professor Bobbitt keçmiş prezidentlərdən Lyndon B Johnson-un qardaşı oğludur və mötəbər konstitusiya nəzəriyyəçilərindən biridir. O, Nikson, George W Buş və Tramp-ı çıxmaq şərtilə bütün Amerika prezidentlərinin xüsusi müşaviri olub. Onun Princeton, Yale və Oxford universitetlərindən dərəcələri var. Trump barədə yazdığı məqalədə professor Bobbitt qeyd edir ki, əgər prezident öz istefası ilə yox, impiçmentlə vəzifəsini itirərsə, bu onun rüşvət almasına görə yox, rüşvət təklif etməsinə görə olacaq. O xatırladır ki, Tramp James Comey-dən loyallıq və Rusiya təhqiqatının dayandırılmasını istəmişdi və bunun müqabilində ona vəzifəsində qalmağı təklif edirdi. Lakin Comey onun bu istəyinə cavab verməyəndə onu vəzifəsindən azad etmişdi. Professor hesab edir ki, bu da rüşvət təklifi kimi qiymətləndirilə bilər. O yazır ki, buna bənzər ittihamla impiçment olunmuş Riçard Nikson da üzləşmişdi. O da məhkəmədən daha yaxşı nəticə əldə etmək üçün hakimə vəzifə yüksəlişi təklif etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?