Türkiyə qonşuları tərəfindən blokadaya alınan Qətərə bu həftədən etibarən Azərbaycan üzərindən TIR-larla ərzaq daşımağa başlayıb. Bu haqda “Sabah” qəzeti siyasi işlər üzrə yüksək səlahiyyətli Qətər rəsmisinə istinadən bildirir. Mənbə deyib ki, bu həftədən etibarən Türkiyədən Qətərə ərzaq yardımı hava yolundan daha çox quru yolu ilə daşınacaq.
“Türkiyənin Qətərə göndərdiyi ərzaq yardım tətbiq edilən embarqonu zəiflətdi. Eyni zamanda təbii olaraq iki ölkə arasında ticarətin həcmini də artırdı. Türkiyədən gələcək TIR-ların Azərbaycan və İran üzərindən keçib İranın cənubundakı limana, oradan isə gəmi-bərələrlə Qətərə çatması planlaşdırılıb. Quru yolu ilə qida daşımaq hava yolundan daha ucuz başa gəldiyi üçün bu marşrutla daha çox ərzaq daşımaq imkanımız olacaq”, - Qətər rəsmisi bildirib.
Türkiyə Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələrinin blokadaya aldığı Qətəri dəstəkləyir. Qətərə qarşı tətbiq edilən sərt sanksiyalardan dərhal sonra Türkiyə bu ölkəyə özünün hərbi qüvvələrini göndərib və orada baza yerləşdirib. Habelə Qətərə təyyarələrlə ərzaq və digər zəruri mallar göndərməyə başlayıb.
Səudiyyə Ərəbistanı və müttəfiqləri Qətəri radikal islamçı qruplaşmalara, o cümlədən İŞİD-ə dəstək verməkdə, İranla əlbir olaraq bölgədə gərginlik yaratmaqda günahlandırır. Anti-Qətər koalisiyası Dohanın qarşısında 13 şərtdən ibarət ultimatum qoymuşdu. Lakin Qətər bu şərtləri yerinə yetirməkdən imtina etdi və Dohaya qarşı tətbiq edilən embarqolar qeyri-müəyyən müddətə uzadıldı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?