Ağ Ev rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüşdə iştirak edən ABŞ prezidentinin kürəkəni və məsləhətçisi Cared Kuşnerin məxfi informasiyaya girişdən məhrum ediləcəyindən ehtiyat edib.
Bu haqda Ağ Ev administrasiyanın anonim məmuruna istinadən CNN telekanalı bildirib. Telekanalın məlumatına görə, hazırda Kuşnerin məxfi informasiyalara müvəqqəti girişi var. Qeyd edilir ki, prezident Donald Trampın məsləhətçisi Federal Təhqiqatlar Bürosunda (FTB) ilkin dindirilmə zamanı rusiyalı hüquqşünasla görüşdə iştirak etdiyini bildirməyib, amma növbəti dindirilmədə bu məlumatı açıqlayıb. Telekanal bildirir ki, yüksək vəzifəli demokratlar Kuşnerin məxfi informasiyaya girişdən məhrum edilməsini dəstəkləyirlər. CNN ekspertə istinadən qeyd edir ki, prezident hər halda Kuşnerə məxfi informasiyaya girişi verə bilər, amma bu ciddi siyasi reaksiya doğura bilər. Kuşnerə yaxın mənbənin sözlərinə görə, onun hüquqşünasları məxfi informasiyaya girişdən məhrum edilməsi üçün heç bir əsas görmürlər. Xatırladaq ki, daha əvvəl ABŞ-ın “Nyu York Tayms” nəşrinin Ağ Evdəki mənbələrə istinadən yazdığına görə, ABŞ prezidentinin birinci oğlu kiçik Donald Tramp ötən il rusiyalı hüquqşünasla görüş keçirməyə razılaşıb. Qeyd edilir ki, Rusiya hüquqşünası qarşı tərəfə prezident seçkilərində Trampın rəqibi demokrat Hillari Klintonu etibardan sala bilən informasiyanı verməyə razılaşıb. Nəşr iddia edir ki, 2016-cı ilin iyununda keçirilən görüşdə kiçik Trampla yanaşı, prezidentin iki məsləhətçisi - Cared Kuşner və Pol Manafort iştirak edib. Natalya Veselnitskayanın Rusiya hakimiyyətilə bağlı olduğu bildirilir.Onun müştəriləri arasında Rusiya hakimiyyətilə bağlı şəxslər, həmçinin Rusiyanın bir sıra dövlət şirkətləri var./muxalifet.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?