ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar Rusiyanın artilleriya damarı olan neft və qaz sənayesinə güclü zərbə vuracaq.
Bu barədə açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Politoloq bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin avqustun 8-də Abxaziyaya səfəri ABŞ-ın sanksiyalarına qarşı cavab reaksiyasıdır:
“Yəqin ki, Putin Abxaziyada nəinki ABŞ-la, eyni zamanda bölgəylə bağlı sərt mövqeyini ortaya qoyacaq. Moskva tərəfindən ən ağrılı qarşılanan Rusiyaya yönəlik sanksiyalardır. Yeni sanksiyalar əhatəliliyi ilə fərqlənir. Faktiki olaraq Rusiyanın bir çox, xüsusən də ciddi valyuta gətirən neft və qazçıxarma sahələrindəki planlarına ciddi zərbə dəyəcək. Rusiya Arktikada ABŞ-a məxsus müasir texnologiyaların köməyi ilə geoloji kəşfiyyat işləri aparır. İndi həmin şirkətlərin fəaliyyətinə qadağa qoyulacaq. Hətta “Türk axını” layihəsi də həyata keçməyə bilər. Yəni Vaşinqtonun güddüyü əsas hədəflərdən biri də odur ki, Rusiya ya Ukrayna ərazisindən keçməklə Avropaya qaz nəql edəcək, ya da Avropa bazarlarına Azərbaycan, Əlcəzair və lazım gəlsə, İsrail qazı çıxarılacaq. Sıxılmış qaz ehtiyatlarını isə ABŞ özü daha çox istehsal edir və bu da Avropa bazarlarına kifayət edir. Belə görünür ki, bu sanksiyalar Rusiyanın artilleriya damarı olan neft və qaz sənayesinə güclü zərbə vuracaq”.
Politoloq qeyd edib ki, digər yandan Rusiyanın cəmi 100 kilometrliyində NATO-nun hərbi təlimlər keçirməsi və bu təlimlərdə bir çox alyans ölkələrinin hərbi qüvvələrinin iştirak etməsi Kremlə qarşı ciddi təhdiddir:
“Diqqəti çəkən bir məqam isə nə qədər gülməli görünsə də, təlimlərdə KTMT-nin üzvü olan Ermənistanın da məhdud saylı hərbi kontingenti ilə iştirakıdır. Belə təsəvvür yaranır ki, ya İrəvan Moskvaya meydan oxuyur, ya da Rusiyanın razılığı ilə təlimlərə kəşfiyyatçı kimi göndərilib. Hər halda Cənubi Qafqazda NATO və ABŞ-ın daha da fəallaşdığının şahidi olmaqdayıq. Xüsusən də ABŞ-ın Gürcüstanın simasında göstərdiyi fəallıq və dəstək zənnimcə, çox şirnikləndiricidir və çox güman ki, region ölkələri bu vədə xüsusi diqqət yetirəcək. Açığı, Rusiyanı bütün sərhədləri boyu mühasirəyə almağı hədəfləyən ABŞ Cənubi Qafqazda fəallığını bundan sonra da artıracaq. Çünki ABŞ-ın strategiyasında Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılmaq, burada öz təsirini bərqərar etmək ön planda durur”.
Qabil Hüseynli hazırda Rusiyanın NATO ölkələri və ABŞ üçün bir nömrəli düşmən hesab edildiyini deyib:
“ABŞ-ın Rusiyanı öz qabığına çəkilməyə vadar etmək istəməsi ciddi düşünülmüş bir strategiyadır. Bu strategiya artıq sanksiyalarla işə düşüb. Ox yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb. ABŞ Rusiyanı Yeltsin dövrünə qaytarmaq istəyir. İstisna deyil ki, buna maraqlı olan dövlətlər içərisində Çin də var. Çin Uzaq Şərqə olan böyük iddialarını gizlətmir. Bir sözlə, Rusiya təklənib və bu cür təcrid vəziyyətində Rusiyanın Gürcüstan və ya regionun başqa bir ölkəsinə qarşı müəyyən xoşagəlməz niyyətlərini həyata keçirmə imkanı yox dərəcəsindədir”./axar.az
Sorğu
Yeni dizaynımız necədir?