"The Daily Mail" yazır ki, İranın havadan müdafiə qüvvələri son 6 ayda Birləşmiş Ştatlara məxsus casus təyyarəsini və dronu ölkənin hava məkanı yaxınlığından "qovmalı" olub.
İran hava hücumundan müdafiə qüvvələrinin komandanı, briqada generalı Fərzad İsmail deyib ki, RQ-4 tipli pilotsuz dronu ölkənin hava sərhədinin yaxınlığında ötən həftə "tutulub". Fars agentliyinin verdiyi xəbərdə isə deyilir ki, Amerikaya məxsus U2 casus təyyarəsinə xəbərdarlıq edildikdən sonra pilot təyyarənin səmtini dəyişməli olub. İsmail deyib ki, Amerika pilotuna Hörmüz boğazı üzərində xəbərdarlıq edilərkən o, iki İran radarı və raket sistemi tərəfindən hədəfləndiyini bilirdi. "İran belə düşmən təyyarələrin öz hava məkanına yaxınlaşmasına heç vaxt yol verməyəcək" - deyib İsmail Təsnim agentliyinə. Məqalədə deyilir ki, ABŞ rəsmiləri Körfəz rayonunda İran dəniz qüvvələrinin Amerika gəmilərinə münasibətdə nümayiş etdirdikləri "qeyri-peşəkar" və "təhlükəli" hərəkətlərdən tez-tez şikayət edirlər. İran belə hallarda israr edir ki, o, özünün dəniz sərhədlərini mühafizə edir. "The Mail" xatırladır ki, Trump administrasiyası bir qayda olaraq Tehranı təcavüzkar hərəkətlərdə və nüvə sazişinin ruhunu pozmaqda ittiham edir. Bəzi xəbərlərə görə, iyul ayında ABŞ-ın hərbi gəmiləri İranın patrul katerlərinə xəbərdarlıq fişəngləri atmışdı. Bu hadisə Amerika Tehranın üzərinə yeni sanksiyalar qoyduğu günə təsadüf etmişdi. İranın İnqilab Keşikçiləri Korpusu isə bildirir ki, ABŞ hərbi gəmilərinin fişəng atması təxribat hərəkəti olub. Korpusun yaydığı bəyanatda deyilir ki, "ABŞ-ın Nimitz supertəyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilər Resalat neft və qaz platformasının yaxınlığında helikopter uçurmuşdu. "Amerikalılar təxribatçı və qeyri-peşəkar bir hərəkətlə İranın keşikçi gəmilərinə xəbərdarlıq etmiş və fişəng atmışlar" - deyilir İnqilab Keşikçiləri Korpusunun bəyanatında. Korpus bildirir ki, hədə-qorxulara baxmayaraq, İranın keşikçi gəmiləri müşahidəni davam etdirmiş və ABŞ gəmiləri isə ərazidən çıxmalı olmuşdu. Lakin son xəbərlərə görə elə bu çərşənbə axşamı ABŞ-ın dəniz patrulu gəmisi ona yaxınlaşan İran hərbi katerinə xəbərdarlıq atəşi açıb. İran tərəfi gəmilərinin Amerika katerlərinə yaxınlaşması iddiasını rədd edir. Arvadın evi saxlaması kişinin sağlamlığına təhlükədir
İşləyən qadınların artmasına baxmayaraq, hələ də statistik baxımdan kişilər evin çörəkgətirənidirlər. "The Telegraph" qəzeti yazır ki, iş yerində uzun saatlar gərginlik içində vurnuxan kişilər üçün evdə çörək qazananın qadın olması cənnət kimi görünə bilər. Lakin indi məlum olub ki, ailənin əsas çörək gətirəninin qadın olması, evin kişisinin sağlamlığı üçün böyük təhlükə imiş. Alimlər aşkar ediblər ki, qadının öz qazancı ilə dolandırdığı ailədə evdar kişi olan ər ürək xəstəlikləri, insult və ikinci tip diabet təhlükəsi ilə üzləşə bilər. ABŞ-dakı Rutgers Universitetinin sosioloqları tərəfindən aparılmış tədqiqat göstərib ki, ailə başçısı rolunu itirən kişilər müxtəlif problemlərlə qarşılaşırlar. Tədqiqatdan bəlli olub ki, hətta kişinin də çalışdığı ailədə əsas qazancı qadın gətirirsə, bu, kişinin sağlamlığı üçün böyük təhlükələr yaradır. Belə düşünülür ki, ailə başçısı "taxtından" salınan kişilər psixoloji sarsıntıya məruz qalırlar və bu da fiziki sağlamlığa mənfi təsir göstərir. Bu nəticəyə gəlməzdən əvvəl Rutgers alimlər qrupu 2000 cütü 30 il ərzində monitorinq edib. Qrup cütlərin hansının daha çox qazandığına xüsusi diqqət yetirirdi. Alimlər aşkar ediblər ki, maliyyə baxımından qadının hakimiyyəti altında olan ailələrdə kişilər streslə bağlı xəstəliklərə, daha dəqiq deyilərsə, ürək xəstəliklərinə və diabetə tutulurlar. Maraqlısı budur ki, ümumən evə gətirilən qazancın yüksək olduğu hallarda belə, kişinin maaşı daha azdırsa, eyni fizioloji problemlər baş qaldırır. Alimlərin hazırladığı hesabatda deyilir ki, müasir dövrümüzdə qadınlar qazanc məsələsində kişiləri getdikcə daha çox geridə qoyurlar və bu da kişi sağlamlığının pisləşməsi ilə nəticələnir. Elmi tədqiqatdan bəlli olur ki, evin çörək qazananı kimi kişilik idealından məhrum olan kişilər daha ahıl yaşlarda daha çox xəstə olurlar. Lakin Manchester Biznes Məktəbindən psixoloq Cary Cooper deyir ki, işləyən qadınların artmasına baxmayaraq, hələ də statistik baxımdan kişilər evin çörəkgətirənidirlər. Alim deyir ki, son vaxtlar evdə uşaqlarla məşğul olan və ev işləri görən "yeni kişi" modelindən tez-tez bəhs edilsə də, kişilərin əksəriyyəti ailəni dolandırmaq funksiyasının onlara aid olduğunu bilirlər. Cənab Cooper də razılaşır ki, ailədə aparıcı rolunu itirən kişilər psixoloji sarsıntıya məruz qalırlar və bunun da başqa xəstəliklərə yol açması inandırıcıdır. Ən fəlakətlisi də kişinin öz işini ixtisara düşüb itirməsidir. İstər qadın, istərsə də kişilərin bu zehniyyətinin dəyişməsi üçün nəsillər lazım gələ bilər, alim deyib. Tunisli qadınlara qeyri-müsəlmanlara ərə getmək icazəsi veriləcək
Prezident Beji Caid Essebsi bəyan edib ki, ölkə qadınlarına qeyri-müsəlmanlara ərə getmək icazəsi veriləcək. "The Guardian" yazır ki, Tunis daxildəki və xaricdəki müsəlman çevrələrindən göstərilən təzyiqlərə baxmayaraq ölkənin nikah və varislik barədə qanunlarına inqilabi dəyişikliklər etməyə hazırlaşır. Ötən ay prezident Beji Caid Essebsi bəyan edib ki, ölkə qadınlarına qeyri-müsəlmanlara ərə getmək icazəsi veriləcək. Belə qadınların valideyn ailəsindəki varislik hüquqları da saxlanacaq. Hazırda Tunisdə müsəlman qadınların qeyri-müsəlmanlarla evlənməsi qadağandır. Əksinə kişilər qeyri-müsəlman qadınlarla evlənə bilərlər və bu qadınlardan dinlərini dəyişmələri tələb edilmir. Digər tərəfdən İslam qanunlarına görə kişilər vərəslik bölgüsü zamanı qadınlardan iki dəfə çox pay alırlar. "Bütün müsəlman aləmində ən mütərəqqi konstitusiyadan" misal gətirən prezident deyib: "Dövlətimiz qadın və kişilər arasında tam bərabərliyə nail olmalıdır kİ, biz hamıdan bərabər məsuliyyət tələb edə bilək". Tunis hazırda bütün müsəlman ölkələri arasında qadın hüquqları sahəsində çempionluq edir. Ölkə parlamenti qadınlara qarşı zorakılığa son qoymalı olan qanunu qəbul edib. Kişiləri zorladığı qadınla evlənərsə, cinayət məsuliyyətindən azad edən qanun isə ləğv olunub. Prezidentin bəyanatından az sonra Afek Tunes partiyasından millət vəkili Rim Məhcub radio ilə çıxşında bu təşəbbüsləri "mütərəqqi və inqilabi" adlandırıb. Xanım millət vəkili deyib ki, o, bu debatlarlın başlanmasından çox məmnundur. Bu xəbəri Human Rights Watch təşkilatının Tunis və Əlcəzair üzrə nümayəndəsi Amna Guellali də alqışlayıb. O deyib ki, qadın azadlıqları uğrunda mübarizə təkcə Tunisdə yox, bütün regionda gedir. Bu mübarizənin uğurla başa çatıb-çatmayacağı isə başqa məsələdir. Mənuba Universitetindən alim-feminist Dalenda Larguèche deyib ki, bu qanunlar Tunisi onun istədiyi bir ölkəyə çevirəcək. "Nə üçün də müsəlman kişi qeyri-müsəlman qadınla evlənə bilər, amma tunisli qadın qeyri-müsəlmana ərə gedə bilməz?" - deyib alim. O həmçinin bildirib ki, müasir Tunisdə tabular yoxdur. Alim əlavə edib ki, yeni Tunis bütün Ərəb dünyasına və müsəlman ölkələrin qadınlarına nümunədir". "The Guardian" yazır ki, Tunis prezidentinin təşəbbüsləri beynəlxalq müsəlman təşkilatları tərəfindən müqavimətlə qarşılanır. Müxalif Ən-Nəhda partiyasından Cəmilə Ksiksi deyib ki, prezident ölkənin daha ciddi problemləri ilə məşğul olmalıdır. Onun sözlərinə görə, Tunisdə işsizlik və yaşayış qiymətləri durmadan artır. Ölkənin bir sıra nüfuzlu keçmiş hökumət üzvləri də islahat təşəbbüslərini tənqid edirlər. Tunis prezidentinin qadın azadlıqları və vərəsəlik haqları barədə təşəbbüslərini Misirdəki Əl-Əzhar Dini Universitetinin rəhbərliyi də kəskin tənqid edir. Bu qurum bütün sünni müsəlman aləmində ən nüfuzlu dini təşkilatdır./bbc.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?