Bakıda toplanılan “xüms” və “zəkat” pulları İran molla rejiminin casusluq və kəşfiyyat maraqlarına yönləndirilir
Yəqin ki, bir çoxlarınız orta məktəbdə oxuduğunuz dərsliklərdən, baxdığınız filmlərdən, Qədim Misir, Mesopotomiya, Yunanıstan kimi antik dövlətlərdə kahinlərin fironları və hökmdarları neçə idarə etdiyi, xalqın əmlakını, qazancını və zəhmətini necə mənimsəyərək onları əsrlər boyu qula çevirdiyindən xəbərdarsınız. Bu idaərəçilik metodu günümüzdə də öz aktuallığını itirməyib. Hər kəsə bəllidir ki, hakimiyyəti qorumaq və əldə saxlamaq asanlıqla başa gələn bir şey deyil. Demokratiya üsul-idarəsində, hakimiyyəti idarə edən qüvvələr xalqın etimadını qazanmaqla, öz bacarığı və yüksək idarəçilik qabiliyyəti ilə öz kürsüsündə qalmağı bacarır. Lakin teokratik rejimə malik olan dövlətlərdə, hakimiyyət sadə vətəndaşların dini inanclarını və onların halal qazanclarını istismar etməklə əldə saxlanılır və əsrlər boyu vampir kimi insanların qanı sorulur, zəhməti mənimsənilir. Günümüzdə buna ən gözəl nümunələrdən biri kimi İran “İslam” Respublikasını göstərmək olar. Belə ki, İranın hazırki molla rejimi, hakimiyyəti, yəni mövcud dini üsul-idarəni əllərində saxlamaq üçün yuxarıda sadalanan metodlardan çox geniş və şaxəli şəkildə istifadə edirlər. Dünyada ən mütərəqqi din sayılan və Tanrının yer üzünə ən son göndərdiyi islam dini, bu gün İran molla rejimi tərəfindən təhrif olunaraq elə vəziyyətə salınıb ki, adam bu dövlətin adındakı İSLAM kəliməsinə dırnaqarası baxmaya bilmir. Çünki İran molla rejiminin şiə müsəlmanlarını hansı metodlarla soyub-taladığından yəqin ki, çoxlarının xəbəri var. Amma biz bilməyənləri də agah etməyi özümüzə borc bilirik. Belə ki, mömin əbası geymiş fırıldaqçı İran mollaları haram yolla pul qazanmaqda FETO-çuları geridə qoyub və onlara rəhmət oxutdururlar. Fərq ondadır ki, “gülənçilər” heç olmasa dərshanələrdə insanlara elm öyrədib 1-ə 3 qazandıqları halda, İran mollaları “əlif-bey” qışqıraraq, insanları mütiləşdirməklə pul toplayırlar, özü də çox ustalıqla... Yəni ilk baxışdan dini tədris pulsuzdur və doğrudan da belədir. Amma paralel şəkildə İslamın “xüms-zəkat” tövsiyəsi işə düşür və varlı şiə camaatından fantastik sərvət toplanılır. Qeyd edək ki, müstəqil Azərbaycanda sözügedən mexanizmin təməli XX əsrin 90-cı illərində əsaslı şəkildə qurulub və neçə illərdir tam gücü ilə işləyir. Təbliğat maşınının sükanı isə daim peşəkarların əlində olub. Araşdırmalardan məlum olur ki, Azərbaycana qarşı aparılan “səssiz müharibə”nin ən önəmli səngərlərindən biri Bakıdakı “İran Hüseyniyyəsi”dir, harada ki, İranın Ali dini rəhbəri Seyid Əli Xameneyinin nümayəndəsi dini ritualları və mərasimləri icra edir. 1990-cı ildən həmin vəzifəni, Türkiyədən rəsmi olaraq qovulmuş Sabir Həmədani adlı bir şəxs tuturdu. (Qeyd: Onun Türkiyədə idarə etdiyi dini mərkəzin minarəsində türk gizli polisi nəhəng elektron avadanlıqlar aşkarlayaraq, bu avadanlıqların casusluq məqsədi ilə istifadəsi təkzibolunmaz sənədlərlə sübuta yetirildi. Bu olayla bağlı hətta həmin dönəmdə Türkiyə-İran münasibətləri ən kritik böhran həddinə çatdı. Olayın ardından Türkiyədən kənarlaşdırılan Ayətullah Həmədani heç nə olmamış kimi, Bakıya təyin edildi). Qocalığı ilə əlaqədar Tehrana döndükdən sonra isə onu “höccətül-islam vəl-müslümin” İbadulla Ocaqnejad əvəzlədi.
Bu yaxınlarda müxtəlif saytlarda (’’Xudaferin.eu”; “Teref.info”və s) həmin dini mərkəzdə gedən proseslərlə bağlı sənədlərdən yəqin ki, bir çoxlarınızın xəbəri var. Həmin sənədlərdən aydın görünürdü ki, “Hüseyniyyə”də 2008-2013-cü illərdə 3200 nəfər yerli dindar əhalidən “xüms” və “zəkat” adı altında xeyli miqdarda vəsait toplanıb. Reallıqda bunun dəfələrlə çox olduğu məlumdur. Bəs yığılan vəsait hansı istiqamətdə və nə məqsədlər üçün xərclənib? Bəli, cavab sualın özü qədər maraqlı və heyrətamizdir. Belə ki, imanları şübhə doğurmayan vətəndaşlardan toplanılan “xüms” və “zəkat” sayəsində cəmlənən külli miqdarda pul vəsaiti sən demə, İran molla rejiminin ideoloji müstəvidə casusluq və kəşfiyyat maraqlarına yönləndirilir. Özəlliklə bu işə cəlb olunan Azərbaycan Respublikası vətəndaşlarından 250 nəfərin adı və soyadı haqqında məlum qeydlər var. Onlara hər ay İran dini nümayəndəliyinin adından müxtəlif işlərin müqabilində ayda 100-1000 manat arasında pul vəsaiti verilib. Bundan əlavə, İbadulla Ocaqnəjadın birbaşa göstərişi ilə İran molla rejimini təbliğ etmək üçün hər ay 381 nəfər Azərbaycan Respublikası vətəndaşına 100-150 manat və ya 60-80 dollar civarında pul ayrılır.
Sənədlərdən aydın olur ki, təkcə 2011-ci ildə 19 nəfər Azərbaycan Respublikası vətəndaşına toplam 12850 manat pul vəsaiti verilib. Bu paraların qarşılığında isə sadə və mövhumatçı dindar vətəndaşlar İran molla rejiminin xüsusi təlimatları əsasında fəaliyyət göstəriblər. Özəlliklə radikal və mövhumatçı dindar və şiəlik siyasəti başlıca hədəflərdən biri olub. Hətta Qum hövzəsində təhsil almış mollalardan birinin açıqlamalarına görə, İranda təlimatlandırılaraq geri dönən Azərbaycan Respublikası vətəndaşlarının hər birinə ayda 150 manat miqdarında maliyyə yardımı olunur. Onların əsas funksiyası hüzr məclislərində, şiəliklə bağlı keçirilən mərasimlərdə, digər dini toplantılarda şiəliyin, şiə imamlarının, iranyönümlü dini siyasətin, qısası molla rejiminin maraqlarının təbliğ edilməsidir. Bu gün dini camiə arasında, Azərbaycan İslam Partiyasının da vətəndaşlardan yığılan “xüms-zəkat” pullarının hesabına maliyyələşdirildiyi haqda gəzən söyləntilər də bunu deməyə əsas verir. Farsca yazılmış sənədlər toplusunda yer alan ad-soyadlar, rəqəmlər dəhşət saçır. Azərbaycan Respublikasının vətəndaşı olan dindar insanların inanclarından sui-istifadə metodunun arxasında duran hədəflər “bəsici” strukturunu xatırladır. “Bəsici”lik həm də potensial terrorçu “hezbollah”çılıq deməkdir. Din pərdəsi altında İranın yüksək rütbəli kəşfiyyatçı zabitləri Azərbaycan və Gürcüstanda “bəsici”lik ideyası ilə şəbəkələşməyə çalışırlar.
Dəhşət saçan başqa bir mənzərə isə bütün bunların öz alın təri ilə pul qazanan inanclı vətəndaşların məscidlərə etdikləri yardımlar sayəsində başa gəlməsidir. Əsas maraq doğuran məqam isə, yuxarıda qeyd etdiyimiz kimi iran molla rejimi “xüms-zəkat” pullarını “gülənçilər”in metodlarından istifadə etməklə toplamaqla yanaşı həmin pulları toplayan məscid axundlarını da həvəsləndirməkdə simiclik etmirlər. Belə ki, yığılan “xüms-zəkat” pullarının 3-də 1-i yəni 33,3 faizi bu axund-kuratorlara verilir. Bu gün Azərbaycan Respublikasında 2050 məscid fəaliyyət göstərir. Bunların ümumi tutumu 300.000 nəfər təşkil edir. Güney bölgəsində 546, Aran bölgəsində 332, Quzey-Batı bölgəsində 274 məscid gündəlik fəaliyyət göstərirlər. Faktiki olaraq, azından hər həftə cümə namazlarında iştirak edənlərin ortalama sayı 500 min nəfərə yaxındır. Bu qədər məsciddə iştirak edənlərin demək olar ki, 90 faizi “cəfərilik” məzhəbinə bağlıdırlar. İran molla rejimi bütün bunları diqqətlə incələyərək məhz bu fakta söykəmli şəkildə öz casus şəbəkəsini çox asanlıqla qura bilir. Özəlliklə də dini və yas mərasimlərində İranın casuslarına çevrilmiş əksər mollalar məhz höccətülislam İbadulla Ocaqnəjadın moizələri əsasında təbliğatlar aparırlar. Paytaxtda mollalar özlərini bir qədər sakit göstərsələr də, Azərbaycanın bölgələrində onlar özlərini daha sərbəst aparırlar. Hətta dini və yas mərasimlərində daha qabarıq şəkildə meydan sulayırlar. Yerli əhalinin dini savadsızlığı və icra strukturlarının bilgisizliyi ucbatından mollalar asanlıqla fəallıq göstərir, İran ayətullahlarının açıq şəkildə təbliğatlarını aparmaqdan, Qərb dövlətlərini, ABŞ və İsraili mənfur düşmən timsalında təqdim etməkdən belə çəkinmirlər. İran molla rejiminin “Mərgi Amrika, mərgi İsrail” (“Amerikaya ölüm, İsrailə ölüm”) tipli təbliğatları da aparılır. İran rejiminin nədən işğalçı Ermənistanın strateji müttəfiqi olduğunu isə tamamilə gizlədirlər. Guya “Tehranın daha dərin strateji hədəfləri var” deyərək verilən şullardan yayınırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?