İki həftə ərzində ildırım sürəti ilə 85 qubernatordan 11-ni dəyişən prezident Vladimir Putin, önümüzdəki seçkilərdə özünün praktik qaçılmaz qələbəsindən sonra Rusiyanı şirkət kimi idarə etmək niyyətindədir.
Siyasi oyunlardan yorulduğu üçün, o, bundan sonra keçmiş cangüdənlərindən və digər sadiq xidmətçilərindən asılı olmayan formal bir sistem yaratmağa məcburdur. Kremlə yaxın olan icmalçıların söylədiklərinə görə, bunun əvəzinə Putin iri şirkətlərin kadr seçmə metodundan istifadə etməyə çalışır. Bu cür fəaliyyətlə, o, heç də hamının tanımadığı, lakin səmərəli işləməyi bacaran məmurlar tapmaq istəyir. Beləliklə də, Putin hakimiyyətdə nəsil dəyişikliyi həyata keçirəcək. Bu cür strategiyanın tətbiqinə çalışmaq – Putin sistemindəki ciddi çatışmazlıqların aradan qaldırılması cəhdidir. Söhbət Aleksey Navalnı kimi müxalifət fəallarının rəhbərlik etdiyi anti-Putin etirazlarının əsas iştirakçılarına çevrilmiş gənclər üçün perspektiv imkanların yoxluğundan gedir. Amma belə bir strategiya qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsinə çətin ki, səbəb ola bilər. Bugünkü Rusiya qubernatorlarına qətiyyən qibtə edilməz. Hərçənd ki, Rusiya federasiyadır və regionların əhəmiyyətli dərəcədə muxtariyyatı var və həm də ki, qubernator seçkili vəzifədir. Amma Putinin dəstəyi olmadan heç kim bu vəzifəni tuta bilməz. Qubernatorlar öz regionlarının idarə edilməsinə tam cavabdehdirlər, ancaq onların əllərində nə müstəqillik, nə də hakimiyyət rıçaqları var. Bütün incə məsələlər üzrə yekun qərarı həmişə Moskva, yəni Putin verir. Qubernatorlar həmçinin Kremlin anti-korrupsiya kampaniyasının növbəti qurbanları sırasında həmişə ön cərgədə dayanırlar. Hal-hazırda ən azından dörd keçmiş qubernator məhbəsdədir. Onlar korrupsiya ittihamı üzrə məhkəmənin hökmünü gözləyirlər. Bu yaxın günlərdə İvanovsk vilayətinin qubernatoruPavel Konkov istefaya göndərildi. Səbəb kimi onun tabeliyindəkilərin əksəriyyətinin korrupsiyaya qurşanması göstərilir və onlar məsuliyyətə cəlb olunublar. Bir tərəfdən bəzi qubernatorlar mövqelərinin möhkəm olmadığını alnadıqlarına görə, öz vəzifələrindən sui-istifadə edərək daha sürətlə var-dövlət toplamağa can atırlar. Digər tərəfdən isə, Putinin acgöz hüquq-mühafizə orqanları yaxşı qamarlamaq üçün həmin qubernatorları hədəf seçirlər. Bəllidir ki, hər seçki ilində qubernatorlar əlavə məsuliyyət daşıyırlar, çünki onlar öz regionlarında hakim ”Vahid Rusiya” partiyasının və ya namizəd Putinin inandırıcı qələbəsini təmin etməlidirlər. Bu isə o deməkdir ki, onlar öz işlərində həm tamamilə qanuni təşviqat-təbliğat metodlarından istefadə etməli, həm də ehtiyac yarandığı təqdirdə saxtakarlığa da yol verməlidirlər. Nəzərə alsaq ki, Rusiyada siyasi apatiya güclənir və azsaylı, lakin acıqlı və aktiv anti-Putin müxalifəti seçkiləri müşahidə etməkdə təcrübə qazanıb, deməli qubernatorların 2018-ci ildəki fəaliyyətləri xüsusilə çətin və təhlükəli olacaq. İndi qubernator vəzifəsi yalnız ona görə cəlbedicidir ki, o, federal hökumətə düşmək və ya prezident administrasiyasında mühüm vəzifə almaq üçün tramplin rolunu oynayır. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu yaxınlarda regional rəhbərlərin yeni pöhrələrini “gənc və geniş profilli istedadlı mütəxəssislər” adlandırıb. Yeni təyin olunmuş 11 nəfərdən yeddisinin yaşı 30-dan 40 yaşına qədərdir (Burada bəzi istisnalar var. Belə ki, əvvəllər polisdə işləmiş 68 yaşlı Vladimir Vasilyev müsəlman əhalisinin üstünlük təşkil etdiyi Dağıstana göndərilib). İvanovada Konkovu əvəzləyəcək yeni nəslin tipik nümayəndəsi 41 yaşlı iqtisadçı Stanislav Voskresenskidir. Müasir idarəetmə dünyagörüşünə və peşəkar iş vərdişlərinə sahib olan bu şəxs, öz karyerasını İqtisadiyyat nazirliyində, Kremlin analitik mərkəzində və Kalininqrad vilayətindəki azad iqtisadi zonada əldə edib. Əgər Voskresenski depressiv region sayılan və federal dotasiyadan asılı olan İvanovo vilayətindəki işinin öhdəsindən gələ biləcəksə, onda perspektivdə onu mühüm nazir postu gözləyə bilər. “RBK” xəbər saytı Kremlin bu adamlara korporativ idarəedicilər kimi yanaşmasını bildirir. Həmin saytda gələcək regional liderlər üçün Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının praktik məşğələlər keçirməsi barədə videoyazısı yer alıb. Hansısa səbəbə görə, məşğələnin gedişində 7 metrlik ucurumdan dənizə tullanmaq da lazım gəlib. Suya tullananlar arasında Omsk vilayətinin yenidən təyin olunmuş əlli yaşlı qubernatoru Aleksandr Burkov da olub. Oktyabr ayının yeni təyinatlı qubernatorları da həmçinin bu proqramın iştirakçılarıdırlar.
Putin administrasiyası rəhbərinin müavini olmuş və həmçinin də bu qeyri-adi proqram çərçivəsindəki müəllimlərdən biri Sergey Kirienko bu yaxınlarda bidirib ki, ”Rusiya lideri”adı altında gələcək məmur seçimi üçün açıq müsabiqə keçiriləcək. 50 yaşından kiçik və ən azından beş illik idarəetmə təcrübəsi olan və dövlət və ictimai sektorda çalışması şərt kimi irəli sürülməyən istənilən rusiyalı bu müsabiqəyə qoşulmaq üçün vebsayt vasitəsilə ərizə ilə müraciət göndərə bilər. Müsabiqənin gedişində iştirakçılar müxtəlif problemlərin həll edilməsi və strateji oyunlarla məşğul olacaqlar. İdarəetmə sahəsi üzrə gləcək təhsillərinə sərf edilməsi üçün hər 300 finalçıya bir milyon rubl qrant veriləcək. Onların içərisindəki ən yaxşısı, qubernator vəzifəsinə təyin olunanların məşğələlərinə qatılacaq. Müəyyən nailiyyətlər əldə edən bütün namizədələrə, nəzəri cəhətdən Rusiyanın həm regional və həm də federal hakimiyyət orqanlarında vəzifə tutmaq üçün “kadr ehtiyatı” kimi baxılacaq.Kirienkonun sözlərinə görə, bütün bunlar Putinin ideyasıdır. Bu hadisə məmurların açıq prosedurla işə götürülməsinin birinci cəhdi deyil. Belə bir iş 1990-cı illərdən aparılır, lakin yeni səylər Navalnının anti-Putin kampaniyasına qarşı müasir formalı cavab tədbiridir. Bu yaxınlarda Navalnı Peskovun elə bir xüsusi qabiliyyəti ilə fərqlənməyən oğlu Nikolay Çoulzun (onun adı məhz belədir) hansısa naməlum yerdən var-dövlət əldə etməsi barəsində yazıb: “Ölkə bax belə çalışır və sosial lift də ona uyğun qurulub. Siz əla təhsil ala bilərsiniz və hədsiz əməksevər ola bilərsiniz, amma bu sistemdə, əgər həqiqəti desək, sizi xoş bir şey gözləmir. Əgər siz regionda yaşayırsınızsa, onda sizi heç yaxşı günlər gözləmir. Buna baxmayaraq, təhsilsiz və həm də ki, oğurluq etdiyinə görə həbsdə yatmış adamın qarşısında sosial lift dərhal açılır və bu lift onu uca mərtəbələrə qaldırır. Onun qədəhinə şampan şərabı süzürlər və “Ferrari” bağışlayırlar. Əgər sizin atanız oğru dəstəsinin hörmətli üzvüdürsə və bu liftin düyməsini mühafizə edirsə, onda burada təəccüblü heç bir şey yoxdur”. Ancaq indi vəziyyət elə hal alıb ki, Navalnının mitinqlərinə gələn gənclərin Rusiyada qanuni sosial liftin movcud olmasına inandırmaq heç də baş tutan işə oxşamır. Dövlət qulluğu özünün aşağı məvacibi, böyük riskləri, qubernatorların həbsi və aradan qaldırılması mümkün olmayan dərin kök salmış korrupsiyası ilə bədnam ad qazanıb. Bu gənclərə ən əvvəl özəl sektorda əlverişli imkanların açılması lazımdır. Putinin amansız mərkəzləşdirilmiş sistemində belə imkanlar çox azdır. Ölkədə daha ədalətli məmur korpusunun seçilməsi mexanizminin işə salınması, rəqabətli siyasəti əvəz edə bilməz. Rusiyalıların əksəriyyəti hələ indiyədək əsl mübarizə və rəqabətin getdiyi qubernator seçkilərini və eyni zamanda da populyar və bacarıqlı menecer-qubernatorları yaxşı xatırlayırlar. Ola bilər ki, Putinin növbəti prezidentlik müddətində “Rusiya” adlı şirkət daha səriştəli formada idarə ediləcək. Amma bu, ölkənin əmək resurslarını və müştəri bazasını təşkil edən vətəndaşlarını çətin ki, ruhlandırsın. (“Bloomberg” – ABŞ) Tərcümə azpolitika.info-nundur=
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?