İraqda 200 azərbaycanlı qadının saxlanılması xəbəri ölkə gündəmində ən çox müzakirə edilən mövzularından biridir. Bu mövzu iraqlı deputat Vian Dahil şəxsi “Tvitter” səhifəsində hərbiçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadının saxlanıldığını bəyan etdikdən sonra gündəmə gəlib. Deputatın dediyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdiriliblər. Lakin qadınların harada və nə vaxt saxlanıldığı hələ ki məlum deyil.
İraqın Müdafiə Nazirliyi rəsmi mənbələrdə məlumatı təkzib etsə də, Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov APA-ya açıqlamasında bildirib ki, İraqdakı nümayəndəliyimiz Xarici İşlər Nazirliyi və İraqın yerli qurumları bu məsələyə dair birgə işləyir və məsələnin müsbət həlli üçün çalışır. Diplomat qeyd edib ki, qadınlar üçün vəkil tutulacaq: “Onların həbsdə qalmaması və azad olunaraq Azərbaycana göndərilməsi üçün çalışacağıq. Hazırda bu işlə məşğuluq, araşdırma gedir. Təbii ki, başqa ölkənin qanunlarını pozan hər bir əcnəbi vətəndaş qanun çərçivəsində cəzasını çəkməlidir, ancaq qadın olduqları üçün İraqın yerli qurumları ilə işləyirik və köməklik göstərməyə çalışırıq”.
Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlamada qeyd edilib ki, bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi təmasdadır.
Heç şübhəsiz ki, həmin qadınlardan övladları yanında olanı da var. Bu zaman suallar ortaya çıxır. Ölkəyə geri gətiriləcək qadınları hansı tale gözləyir? Müvafiq qurumlar qadınlarla bağlı məsələləri necə tənzimləyəcək?
Məlahət İbrahimqızı: “Onlar könüllü İraqa gediblərsə, cinayətkarlardır”
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Məlahət İbrahimqızı məsələnin çox mürəkkəb olduğunu qeyd edib: “Bu çox mürəkkəb məsələdir. Çünki burada cinayət tərkibli, terrora dəstək, məcburi insan alveri və sairə var. Ona görə də bu barədə dəqiqə heç nə demək olmur. İstənilən halda, məsələ ilə bağlı aidiyyəti qurumlar, təşkilatlar, hər iki ölkənin xarici işlər nazirliklərinin təmsilçiləri araşdırılacaq və buna uyğun qərar qəbul olunacaq. Əgər onlar doğrudan da insan alverinə məruz qalıb, girov götürülüblərsə və sairə, təbii başqa qərarlar qəbul ediləcək. Yox əgər, onlar könüllü İraqa gediblərsə, deməli cinayətkarlardır. Əgər yeniyetmə yaşlarında olsa idilər, deyə bilərdik ki, məcburi oğurlanıblar. Amma ağlı başında olan qadın ora gedibsə, buna nə ad vermək olar? Hər gün mətbuatda Orta Şərqdə İŞİD-in insanların başına açdıqları olaylar, hadisələr, faciələr yayımlanır. Bütün bunların fonunda o qadınlar əgər ora gediblərsə bu heç də ürəkaçan deyil. Ona görə də bu məsələ hüquq müdafiə təşkilatları, rəsmi orqanları tərəfindən dərindən aydınlaşdırıldıqdan sonra müvafiq qərar qəbul ediləcək”.
Sülhəddin Əkbər: “Dövlət öz vətəndaşlarını taleyin ümidinə buraxmamalıdır”
Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər də məsələnin bir neçə tərəfi olduğunu vurğuladı: “Məsələnin diplomatik, hüquqi, mənəvi əxlaqi tərəfi var. Ona görə də bu, xüsusi bir məsələdir. Bu baxımdan Azərbaycan bir dövlət olaraq hansı vəziyyətdə olursa-olsun, hətta cinayət etdikdə belə öz vətəndaşlarının hüquqlarını qorumalıdır. Və öz vətəndaşlarını taleyin ümidinə buraxmamalıdır. Ona görə də Azərbaycan ilk növbədə onların ölkəyə gətirilməsi ilə məşğul olmalıdır. Onların müalicəsindən tutmuş, sosial problemlərinə qədər hamısını həll etməlidir. Eyni zamanda onların əməlləri hüquqi qiymətləndirilməli və xüsusi orqanlar da onları hərtərəfli, dərin filtirasiyadan keçirməlidir”.
Novella Cəfəroğlu: “Əgər kişi ailəsini də özü ilə birgə aparırsa, qadının nə günahı var?”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd etdi ki, ilk növbədə həmin qadınların İraqa hansı məqsədlə getdikləri araşdırılmalıdır: “Yalnız bundan sonra nəsə demək olar. Ola bilər ki, qadınları öz ailələri, yəni ərləri aparıb. Əgər kişi gedirsə, qadını və uşaqlarını da yanına salıb özü ilə aparır. Belə olarsa, qadının nə günahı var? Yəni belə məsələdə qadını günahlandırmaq olmaz. Çalışacağıq ki, onlarla əlaqə saxlayıb, hüquqlarını qoruyaq. Ölkəyə gətirildikdə isə dövlət onların təhlükəsizliyi məsələlərini də düşünməlidir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?