ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib ki, İranın beynəlxalq öhdəliklərini pozmasına dair “təkzibolunmaz dəlil” təqdim edib. Səfir bunu dekabrın 14-də Birləşmiş Ştatların BMT-dəki missiyasında keçirdiyi mətbuat konfransında söyləyib.
Heylinin sözlərinə görə, o, İranın “Yaxın Şərqdə və dünyanın başqa yerlərində sabitliyi pozan fəaliyyətini” müzakirə edib.
Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı İranı Yəməndəki Huti yaraqlılarına silah göndərməkdə ittiham edir. Yaraqlılar iyulda və noyabrda Səudiyyə Ərəbistanına raket atıblar.
İran bu ittihamları rədd edir.
Heyli BMT-nin Təhlükəsizlik Şurasını İranın Yəmən, Livan və Suriyadakı müttəfiqlərlə “qanunsuz silah sövdələşmələri” ilə bağlı sərt mövqe tutmağa çağırıb.
“Səfir Heyli İranın beynəlxalq öhdəliklərini qəsdən pozması və bu pozuntuları ört-basdır edə bilməməsinə dair təkzibolunmaz dəlil ortaya qoyub”, – missiya bildirib.
Bu arada yayılan xəbərlərə görə, BMT-nin İranın Yəməndəki yaraqlılara iki raketi verib-verməməsinə dair araşdırması birmənalı nəticə əldə etməyib.
The Associated Press və Agence France-Press yazıblar ki, BMT əməkdaşları raketlərin qalıqlarını yoxlayıblar, “ümumi mənşə”li olduğunu bildiriblər, yəni raketlərin İrandan göndərilməsi barədə nəticəyə gəlməyiblər.
AP və AFP BMT-nin baş katibi Antonio Quterresin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi konfidensial hesabatın surətini əldə edib.
Frans Press yazıb ki, BMT ekspertlərindən ibarət daha bir komanda ötən ay Ər-Riyada səfər zamanı raket qalıqlarını araşdırıb, İranın Shahid Bagheri Industrial Group şirkətinə bağlılıq aşkarlayıb. Bu şirkət BMT-nin sanksiya siyahısındadır.
Quterres hesabatında qeyd edib ki, təhqiqatçılarən ikinci qrupu şirkətin loqosunu görüblər, amma hələ də informasiyanın təhliliylə məşğuldur, bir nəticəyə gəlməyiblər.
Quterres hesabatında bir ehtimala da toxunur ki, İran ola bilsin, 2015-ci il nüvə sazişinin maddəsini pozur. Həmin maddəyə görə, İran nüvə başlığı daşımağa qadir ballistik raket istehsal etməməlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?