Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd İbin Salman dünyanın ən bahalı mülkü ünvanını qazanmış XIV Luiz qəsrinə 225 milyon dollar xərcləyərək sahib çıxıb.
“Daily Mail”-in malumatına görə, 2015-ci ildə 300 milyon dollara satılaraq dünyanın ən bahalı mülkü statusunu qazanmış bu tikili Fransada yerləşir və tikintisi 2011-ci ildə tamamlanıb, lakin qəsr 17-ci əsr fransız memarlığı, həmçinin müasir memarlığın bir çox xüsusiyyətlərini daşıyır.
"New York Times" qəzeti bildirir ki, satış Lüksemburq və Fransada yerləşən passiv 8 şirkət tərəfindən alınıb. Bu şirkətlər Səudiyyə vəliəhdinin şəxsi fondunun rəhbər şəxsi tərəfindən idarə olunur. Kral ailəsinin baş məsləhətçisi mülkün Məhəmməd İbin Salmana məxsus olmasını təsdiq edib.
Məhəmməd İbin Salmanın adı qısa müddət bundan əvvəl dünyanın ən bahalı incəsənət nümunəsi olan Leonardo da Vinçinin 450 milyon dollar dəyərində "Salvator Mundi" tablosunun alışında hallanmışdı, lakin bu məlumat öz təsdiqini tapmayıb.
8 investisiya şirkətinin adı 400 milyon dollar dəyəri olan "Pegasus VIII" yaxtasının və Fransada 251 hektar sahədəki mülkün alışında hallanır.
Qeyd edək ki, Səudiyyə vəliəhdi ötən aylarda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində çox sayda şahzadə, nazir və sabiq naziri həbs etdirib. Onun bu həbslərdən 100 milyard dollara yaxın pul əldə etdiyi iddialar arasındadır. Məhəmməd İbin Salman həmçinin ölkədə "Mülayim İslam" qaydaları tətbiq etməklə diqqəti cəlb edir. Son dövrlərdə qadınlara nəqliyyat vasitələrindən istifadə hüququ verildi və ölkədə 10 illər sonra kinoteatr fəaliyyətə başladı. Proqressiv addımların davamının gələcəyi gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?