ABŞ və Yaponiya astronavtları və Rusiyanın bir kosmonavtı bazar günü Qazaxıstandakı Baykonur fəza limanından Beynəlxalq Fəza Stansiyasına altı aylıq missiyaya göndərilib.
Soyuz gəmisinin ekipajı rusiyalı kosmonavt, komandir Anton Şkaplerov və uçuş mühəndisləri-yapon Norişige Kanay və amerikalı Skott Tingldən ibarətdir.
Onlar Yer kürəsindən 400 kilometer yüksəklikdə Beynəlxalq Fəza Stansiyasına iki gün sonra yetişəcək.
Şkaplerov, Kanay və Tingl sentyabr ayından stansiyada olan rusiyalı kosmonavt Aleksandr Misurkin və NASA astonavtları Mark Vande Hey və Coe Akabaya qoşulacaqlar.
Soyuz gəmisində yerləşdirilmiş kameralar ekipaj üzvlərinin səmaya qalxdığı anlar razılıq əlaməti olaraq, əllərinin baş barmağını qaldırdığını nümayiş etdirib. Eyni zamanda, çəkisizlik şəraitində Şkaplerovun qızının ona verdiyi oyuncaq it də görüntülənib.
Soyuz gəmisi səmaya qalxandan 10 dəqiqə sonra müvəffəqiyyətlə orbitə çıxıb.
Beynəlxalq Fəza Stansiyası qlobal əməkdaşlıq layihəsidir. Dünyanın 18 ölkəsindən 200-dən çox astonavt, kosmonavt və mütəxəssis bu unikal elmi laboratoriyada 95 ölkənin aliminin təklif etdiyi müxtəlif təcrübələr keçirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?