Həbsdəki cəbhəçi bloqqer Namiq Sadıqlının apellyasiya şikayətinə baxış yubanır. Bu haqda bloqqerin vəkili Əsabəli Mustafayev bildirib.
Vəkil qeyd edib ki, bloqqerin həbsindən 18 gün ötüb: "Apellyasiya şikayəti verməyimdən isə 12 gün keçib. 1-2 günə baxılmalı olan şikayətə indiyə qədər baxılmayıb, hər hansı xəbər yoxdur", deyən vəkil bir neçə gün əvvəl bunu ictimailəşdirməsinin də faydasının olmadığını bildirib. Ə.Mustafayev bu gun, dekabrın 18-i Ombudsman Aparatına rəsmi məktub göndərib."Ombudsmandan şikayətin baxlmasının təmin edilməsini, həm də bloqqerin saxlanma şəraitinin araşdırılmasını, onun səhhətindəki problemlərin aradan qaldırılmasına kömək etməsini xahiş etmişəm", vəkil bildirib. Xatırladaq ki, AXCP fəalı, bloqqer N.Sadıqlı dekabrın 1-də həbs olunub. Nəsimi Rayon Məhkəməsi onu polisin qanuni tələblərinə tabe olmamaqda (İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi) günahkar bilib. Cəbhəçiyə 30 gün müddətinə inzibati həbs cəzası verilib. Vəkili ötən həftə sonu açıqlamışdı ki, Namiq Sadıqlının səhhətində kəskin şəkildə pisləşmə qeydə alınıb: "Son günlər ona dörd dəfə "təcili yardım" çağırılıb və bir dəfə hətta şəhər klinik mərkəzinə aparılıb. Həkimlər onu xəstəxanada saxlamaq istəyiblər, amma hüquq-mühafizə orqanlarının nümayəndələri buna icazə verməyiblər və o, təcridxanada müalicə alır. N.Sadıqlı soyuqdəymədən, güclü daxili ağrılardan şikayət edirdi", - Ə.Mustafayev bildirmişdi. Vəkilin açıqlamasını təcridxana rəhbərliyi şərh etməmişdi. AXCP N.Sadıqlının siyasi motivlərlə təqib edildiyini açıqlayıb. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi əsaslarla həbslərin olduğunu inkar edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?