Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində bir həftə yoxa çıxandan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tapılan Əhsən Nuruzadənin şikayətinə baxılıb.
Apellyasiya şikayəti Ə. Nuruzadənin 10 sutka inzibati həbs olunması haqda Nərimanov Rayon Məhkəməsinin qərarından verilib. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən məhkəmədə Əhsən Nuruzadə özü də iştirak edirdi.
“EVİNİN YANINDAN OĞURLANIB”
Vəkili Yalçın İmanov məhkəmədə deyib ki, Əhsən BMCMİ-nin (el arasında daha çox “bandotdel” kimi tanınır) qarşısından keçərkən söyüş söyməkdə, onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda günahlandırılaraq həbs olunub. Amma reallıqda belə hadisə, ümumiyyətlə, olmayıb. Onu üç nəfər mülki geyimli yaşadığı evin yaxınlığında tutub, BMCMİ-yə aparıb, orada saxlanıldığı altı gün ərzində bu haqda yaxınlarına, vəkilinə heç bir məlumat verilməyib.
Vəkil bildirib ki, Ə. Nuruzadə Nardaran işi üzrə məhkəmənin daimi iştirakçısı olub, həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarıdı.
"Məhkəmədə Əhsən Nuruzadə haqda qərar çıxarılandan sonra o, inzibati qaydada həbs olunanların saxlanıldığı məntəqəyə yox, yenə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılıb. Əhsən Nuruzadə yaşadığı evin yaxınlığından oğurlanarkən və sonradan qanunsuz həbs edilib, idarədə saxlanarkən onun Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə təminat verilən bir sıra təməl hüquqları pozulub. Ona yaxınları ilə əlaqə saxlamağa imkan verilməyib, vəkili ilə təmin olunmayıb", – vəkil bildirib.
Yalçın İmanov çıxışının sonunda Nərimanov Rayon Məhkəməsinin qərarının ləğvini istəyib.
Vəkilin çıxışından sonra hakim xatırladıb ki, işin içində Əhsən Nuruzadənin özünün yazdığı izahat var, orada BMCMİ-nin qarşısında söyüş söydüyünü etiraf edir.
İFADƏ NECƏ “DİQTƏ EDİLİBSƏ”, ELƏ DƏ YAZIB
Əhsən Nuruzadə bildirib ki, idarədə ona necə diqtə edilibsə, o cür də yazıb.
Vəkil Yalçın İmanov da bu izahatın "bandotdel"dəki mənəvi-psixoloji təzyiqlərin nəticəsi olduğunu deyib.
Qısa müşavirədən sonra hakim qərarın qüvvədə saxlanıldığını elan edib: "Onsuz da bir günün qalıb, qərar dəyişdirilmir".
Yalçın İmanov AzadlıqRadiosu-na bildirib ki, Əhsən Nuruzadənin həbsindən Avropa Məhkəməsinə şikayət göndəriləcək: "İnzibati həbslərdə Avropa Məhkəməsinə şikayət üçün apellyasiya məhkəməsi son instansiyadı. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarını alandan sonra, Avropa Məhkəməsinə şikayət edəcəyik".
Əhsən Nuruzadə yanvarın 24-də həbs olunub. Onun həbs müddəti fevralın 3-də başa çatacaq.
Sorğu
Yeni dizaynımız necədir?