ABŞ-ın ilin sonunda İsraillə apardığı müzakirələr Vaşinqtonun İran siyasətini açıq şəkildə ortaya qoyurdu. Aydındır ki, əsas məqsəd İranda rejim dəyişikliyi idi.
gundemxeber.az bildirir ki,bu sözləri açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspertin sözlərinə görə, hətta Trampın Səudiyyəyə səfərindən sonra da bu məsələ tez-tez müzakirə olunurdu: “Bu da göstərir ki, ABŞ-ın İran siyasəti çox gərgin dönəmini yaşayır. Buna qədər Trampın İranla nüvə sazişinin ləğv edilməsi yönündə verdiyi bəyanat isə planın sadəcə ilk hissəsi idi. Düzdür, saziş hələ ləğv olunmayıb, üstəlik, Avropa Birliyi və ABŞ-ın Qərb tərəfdaşları da bu addımı hələ dəstəkləməyiblər. Belə bir vəziyyətdə ABŞ-ın İran qarşısında müəyyən tələblər qoyması və bu ölkəyə sanksiyalar tətbiq etməsi, əslində, Vaşinqtonun Tehranla bağlı məqsədlərindən xəbər verir”. Politoloq onu da qeyd edib ki, İrandakı nümayişlər sosial narazılıqlara və bu ölkənin sonu bitməyən müharibədə iştirakına qarşı bir etiraz idi: “Ölkədəki bahalaşmanın arxasında İranın 2011-ci ildən Suriya və İraqda iştirak etdiyi müharibə durur. Eyni zamanda, İranın dekabrın sonunda Suriyadakı müharibəyə və orada fəaliyyət göstərən Bəsic və Əl Qüds xüsusi xidmət qruplarının maliyyələşdirilməsinə böyük vəsaitlər ayırması əhalini narazı salmaya bilməzdi. Lakin İran cəmiyyəti qapalı olduğuna görə Məşəhəddən başlanan və iri şəhərləri əhatə edən etirazların məhz ABŞ-ın təşviqi ilə planlaşdırıldığına inanmıram. Əks təqdirdə qərb yönümlü qruplar Tehranda peyda olardı. Bu da dolayısı ilə İrandakı proseslərin əsas səbəbinin sosial problemlərdən qaynaqlandığını açıq şəkildə ortaya qoyur”. Qeyd edək ki, dekabrın 28-dən etibarən İranın Tehran, Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları başlayıb. İğtişaşlar nəticəsində 30-a yaxın insan həlak olub.
Sorğu
Yeni dizaynımız necədir?