Son hadisələrdən sonra regionda Amerika-İran gizli savaşı daha da şiddətlənəcək
Yanvarın 9-da İranın dini-ideoloji mərkəzi olan Qum şəhərinə gedən dini lider Ayətullah Əli Xameneyi son etirazlardan danışıb. Dini lider etirazların səbəbləri, ölkədə sosial problemlər, xalqın narazılıqları məsələsinə toxunsa da, əsasən təxribatın Qərb ölkələri, konkret olaraq ABŞ tərəfindən planlaşdırıldığını, ərəb ölkələri tərəfindən maliyyələşdirildiyi və “Xalqın mücahidləri” qruplaşması tərəfindən icra olunduğunu deyib.
İran dini lideri ABŞ-ı ciddi şəkildə ittiham edib, eyni zamanda qeyd edib ki, Vaşinqtonun hazırladığı plan baş tutmayıb. Eyni zamanda hədələyib ki, bu təxribatlar cavabsız qalmayacaq.
Sitat: “Amerika əsəb içindədir. Amma tək mənə yox, Sizə, İran xalqına, İran dövlətinə yenə məğlub olduğu üçün. İndi də Amerikanın dövlət rəsmiləri deyir ki, İran hökuməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq? İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti Amerikadan qorxur. Əgər Amerikadan qorxuruqsa, necə oldu sizi 80-ci illərdə İrandan bayıra və indi də regiondan bayıra atırıq? Amerika rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür yenə səy etsinlər. Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Bilsinlər ki, bu neçə gündə bəzi zərərlər vurublar ki, bu cavabsız qalmayacaq. Amerikanın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq. Və həmçinin xaricdə və çox təəssüf daxildə olan amerikasevərlər də bilsinlər ki, hökumət möhkəm dayanıb və Allahın lütfü ilə bütün çətinlikləri, problemləri və zəiflikləri aradan qaldıracaq”.
İran ali dini lideri Amerika rəhbərliyini, sitatdan da göründüyü kimi, üstüörtülü şəkildə də olsa. Prezidenti cavab addımları ilə hədələyib. İranın ABŞ-a qarşı hansı mümkün cavab addımları ola bilər?
Məsələ ondadır ki, iki dövlət arasında düşmənçiliyin tarixi 1979-cu il noyabrın 4-də Tehranda ABŞ səfirliyinə hücuma gedib çıxır.
1979-cu ilin 11 fevralında İranda İslam İnqilabından sonra ABŞ-la münasibətlər soyuqlaşıb. Noyabrın 4-də isə bir qrup Tehranda ABŞ səfirliyinə hücum edərək əməkdaşları girov götürür, səfirliyi ələ keçirirlər. Bununla da iki ölkə arasında münasibətlər düşmənçilik səviyyəsinə yüksəlir. Sonrakı il ABŞ ordusu Tehrana xüsusi əməliyyat hazırlasa da, uğursuzluğa düçar olur. ABŞ ordusunun hazırladığı xüsusi əməliyyat qrupu İranın mərkəzindəki Təbəs çölünə desant çıxarır. Əməliyyat planına əsasən xüsusi təyinatlılar buradan quru yolla Tehrana hücum edəcək, girov səfirlik əməkdaşlarını azad edib çıxmalı idilər. Ancaq əməliyyat hava şərtləri səbəbindən uğursuz olur və əməliyyat baş tutmur.
Sonrakı illərdə ABŞ və İran arasında birbaşa savaş olmur. Əsasən Yaxın Şərqdə və digər regionlarda kəşfiyyat, agent “müharibələri” olur, “vəkalət savaşı” aparılır. Misal üçün 1981-ci il oktyabrın 23-də Livanın paytaxtı Beyrutda ABŞ dəniz piyadalarının hərbi bazası qarşısında “İslami Cihad” qruplaşmasının törətdiyi terror aktı nəticəsində 241 ABŞ dəniz piyadası öldürülür.
Ancaq amerikalılar da boş oturmayıblar. Müxtəlif illərdə iranlı kəşfiyyat zabitlərinə qarşı sui-qəsdlər həyata keçirilib. Bunların içərisində Hizbullahın hərbi qanadının lideri İmad Muğniyənin 2008-ci ilin fevralında Dəməşq yaxınlığında avtomobilində partladılaraq öldürülməsi idi.
Ötən ay ABŞ və İsrailin İranın Qüds briqadasının komandiri Qasim Süleymaninin öldürülməsi ilə bağlı razılaşdığı haqda xəbərlər getmişdi. Son hadisələrdən sonra onu demək olar ki, regionda Amerika və İran hərbçiləri, kəşfiyyatçıları potensial təhdid hədəfinə gəlir.
Bu mənada ABŞ-İran müharibəsi ötən 39 ildə dayanmayıb və yəqin ki. davam edəcək. İranda olaylardan sonra bu həftənin əvvəli Yəməndə Səudiyyə Ərəbistanına məxsus iki qırıcının vurulması da İranın ABŞ və müttəfiqlərinə cavabı hesab oluna bilər. Ehtimal ki, digər cəbhələrdə, o cümlədən Suriyada, Əfqanıstanda, İraqda Amerika maraqları iranlıların hücumuna məruz qalacaq. Ötən gün Yəmən Husi müqavimətçiləri bəyan edib ki, onlara qarşı blokada davam edəcəyi təqdirdə Ədən körfəzi dəniz nəqliyyatına qapadılacaq. Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Bab əl-Məndəb boğazı 32 kilometr enindədir və Husi güclərinin boğazı keçən gəmiləri vuracaq raketlərə sahib olduğu bildirilir. Ehtimal ki. son hadisələrdən sonra Yaxın Şərqdə Qərb-İran qarşıdurması daha da güclənəcək. Bunun ən aktiv nöqtələri İsrail-Livan və İsrail-Fələstin xəttində, Suriyada özünü göstərəcək. Yeri gəlmişkən, Pakistan və ABŞ arasında münasibətlər sürətlə pisləşir. Artıq Pakistanın ABŞ-la kəşfiyyat sahəsində əməkdaşlığı dayandırdığını bəyan edib.
Bu il terror fəaliyyətlərinin və savaşların Əfqanıstan və Pakistan cəbhəsində daha da aktivləşməsini bəri başdan proqnozlaşdırmaq olar./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?