İranda etiraz aksiyaları zamanı həbs edilənlərdən 400 nəfəri hələ də həbsdədir.
Bunu İran məhkəmə sisteminin nümayəndəsi bəyan edib.
Məhkəmənin sözçüsü Qulamhüseyn Möhseni Ecehi deyib ki, onlardan 55-i Tehranda saxlanır.
Onun sözlərinə görə, yanvarın 13-də həbs olunanlardan bir neçəsi azadlığa buraxılıb.
İslahatpərəst deputat Mahmud Sadeqinin ötən həftə verdiyi məlumata görə, bir həftəlik etiraz aksiyaları zamanı ölkədə ümumilikdə 3700-ə yaxın adam həbs edilib.
İran parlamenti yanvarın 7-də bildirib ki, həbs edilən adi etirazçılar, xüsusilə də tələbələr sərbəst buraxılacaq, təşkilatçılar isə cəzalandırılacaqlar.
İran məhkəmə sisteminin sədr meavini Həmid Şəhriyari ötən həftə deyib ki, təşkilatçılara ölkə qanunlarına uyğun olaraq maksimum cəza verilməlidir.
Qeyd edək ki, İranda ölüm hökmü ən ağır cəzadır.
Bu cəza adətən qətl, xəyanət və qanunsuz narkotik alveri də daxil olmaqla, bir sıra ağır cinayətlərə görə tətbiq olunur.
Dekabrın 28-də İranın Məşhəd şəhərində qiymət artımı və korrupsiyaya etiraz olaraq başlanan etiraz nümayişləri ölkənin 90-dan çox şəhər və qəsəbəsinə yayılıb.
Etiraz aksiyaları zamanı azı 22 nəfər ölüb.
İranın ali dini lideri Ayətollah Xameneyi etiraz aksiyalarına görə “xarici düşmənləri” günahlandırıb.
Sorğu
Yeni dizaynımız necədir?