ABŞ vitse-prezidenti Cozef Baydenin Ukraynanın baş prokurorunu şəxsən işdən qovdurduğu məlum olub. virtualaz.org xəbər verir ki, bu barədə Bayden özü “Amerikanın səsi”nin ukrayna xidmətinə müsahibəsində danışıb.
Əhvalat Obama administrasiyasının son dövrləri ərzində, Kiyevdə Yanukoviçin devrilməsindən və Poroşenkonun prezident olmasından sonra baş verib. Bayden bildirib ki, ABŞ administrasiyasını Ukraynaya uzunmüddətli kredit qarantiyası verməyə razı salmaq üçün çox çalışıb. Danışıqlar prosesi çətin keçib, Bayden bu məqsədlə Kiyevə on dəfədən çox səfər edib.
Nəhayət o, 2016-cı ilin yazında Ukrayna rəhbərliyini məlumatlandırıb ki, ABŞ bu ölkəyə 1 milyard dollarlıq kredit təminatı verməyə hazırdır. Lakin bir şərtlə-Ukrayna prezidenti Pyotr Poroşenko Baş prokuror Viktor Şokini işdən azad etməlidir. Çünki ABŞ onu Ukraynada korrupsiyanın geniş yayılmasına görə başlıca günahkarlardan biri sayır.
ABŞ-ın keçmiş vitse-prezidentinin bildirdiyinə görə, prezident Poroşenko və o vaxtkı baş nazir Arseni Yasenyuk onu əmin ediblər ki, Baş prokuror işdən azad ediləcək. Lakin bu vədlər yerinə yetirilməyib.
“Belə olanda mən mətbuat konfransına getdim və dedim: “Biz sizə milyard dolları verməyəcəyik”. Onlar mənə dedilər: “Sizin belə səlahiyyətləriniz yoxdur, siz prezident deyilsiniz, prezident deyib ki, verəcək”. Mən cavab verdim: “Ona zəng vurun. Mən dedim ki, siz həmin milyard dolları almayacaqsınız. Dedim 6 saatdan sonra Kiyevdən gedirəm, əgər həmin vaxta qədər sizin Baş prokuror işdən azad olunmasa pulu almayacaqsınız”. Qancıq oğluna bax! Və o, işdən azad olundu. Yerinə isə o vaxt etibar etdikləri adamı qoydular”-Bayden bildirib.
Viktor Şokin həqiqətən 2016-cı ilin aprelində işdən azad olunub. Onun yerinə ali hüquq təhsili olmayan Yuri Lutsenko təyin edilib. Bu məqsədlə Poroşenko baş prokuror vəzifəsinə hüquq təhsili olmayan şəxsin təyinatına yol açan xüsusi qanun qəbul etmişdi./virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?