Suriya və Rusiya Birləşmiş Ştatları Suriyada kimyəvi hücumlarla bağlı yalan söylədiyini ittiham edərək, ABŞ-ın bununla diqqəti münaqişənin sona çatdırılması səylərindən yayındırdığını bildirib.
Suriyanın dövlətə məxsus SANA xəbər agentliyi Xarici İşlər nazirliyində mənbənin ABŞ dövlət katibi Reks Tillerson və Fransanın xarici işlər naziri Jan-İv Le Drianın “yalanları və iddiaları”nı qınadığına dair məlumat verib.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Rybakov isə İnterfaks agentliyinə bildirib ki, sülh səylərində bir irəliləyiş olduqda, Birləşmiş Ştatlar Suriyada kimyəvi hücumlara dair “saxta və təsdiq edilməmiş xəbərlər” yayır.
Bu şərhlər ABŞ dövlət katibi Reks Tillersonun Parisdə beynəlxalq konfransda Suriyada kimyəvi silahlardan davamlı istifadə ilə bağlı Rusiyanın məsuliyyətinə dair açıqlamalarından sonra verilir.
“Şərqi Qutada son hücumlar Suriyada Bəşar Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silahlardan istifadə etməyə davam edə biləcəyi ilə bağlı ciddi narahatlıqlar yaradır”, ABŞ dövlət katibi Tillerson bildirib.
Tillerson Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan Şərqi Qutada xlor qazı ilə hücum nəticəsində azı 20 nəfərin öldüyünü deyib.
Çıxışı zamanı Tillerson Rusiyanın Əsəd rejiminə dəstəyini xüsusi vurğulayıb.
“Hücumları kimin keçirməsindən asılı olmayaraq, Rusiyanın Suriyaya müdaxiləsindən sonra Şərqi Qutada qurbanlar və çox sayda suriyalı qurbanlara görə məsuliyyəti sonda Rusiya daşıyır”, Tillerson bildirib.
Dövlət katibi Tillerson Fransa, Almaniya və Türkiyə xarici işlər nazirləri ilə birlikdə çərşənbə axşamı günü Kimyəvi Silahlardan istifadəyə görə Cəzasızlıq Əleyhinə Beynəlxalq Təşəbbüs konfransında iştirak edib.
Sorğu
Yeni dizaynımız necədir?