İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibulla Səyyari iyulun 1-də jurnalistlərə açıqlamasında Rusiya ilə birgə hərbi təlimlərə hazırlıq aparılmasından danışıb.
Həbibulla Səyyari deyib: “Rusiya ilə birgə hərbi təlimlərin keçirilməsi üçün Moskva ilə ilkin danışıqlar aparılıb. Əgər ölkə rəhbərliyi bu haqda qərar qəbul edib onu təsdiqləsə, gələcəkdə birgə təlimlərin keçirilməsi ilə əlaqədar proqramlar hazırlanaraq həyata keçiriləcək”.
Həbibulla Səyyari İranın Xəzər dənizindəki hərbi gəmilərinin fəaliyyətinə toxunub: “Keçmişdə bizim Xəzər dənizində hərbi gəmi saxlamağa icazəmiz yox idi. Lakin bu gün həm azad sularda, həm də Xəzər dənizində tam gücümüzlə fəaliyyət göstərir, Xəzər dənizi ətrafındakı ölkələrlə hərbi əlaqələrimizi genişləndirməyə çalışırıq”.
Həbibulla Səyyari deyib ki, bir neçə gün əvvəl İranın Ənzəli limanından Rusiyanın Həştərxan limanına bir neçə hərbi gəmi göndərilib: “Peykan” və “Coşən” hərbi gəmiləri də Rusiya limanına göndərilən hərbi gəmilər sırasındadır. Bizim hərbi gəmilərimizin Həştərxan limanında olması ölkələrimiz arasındakı dost münasibətlərindən xəbər verir. Biz İran körfəzində və Xəzər dənizində təhlükəsizliyin qorunub saxlanmasının, sabitliyə xələl gətirən hər hansı təhlükənin ortadan qaldırılmasının tərəfdarıyıq”.
Həbibulla Səyyari Rusiya ilə birgə hərbi təlimlərin konkret nə zaman keçiriləcəyini açıqlamayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?