NATO müdafiə qabiliyyətini artırmalı və Rusiyaya proqnozlaşdırılmayan fəaliyyətinə qarşı hazır olmalıdır.
Bunu bu gün NATO baş katibi Yens Stoltenberq Almaniyanın "Welt am Sonntag" nəşrində işıq üzü görən müsahibəsində bildirib.
Y. Stoltenberq deyib ki, Rusiyanın nüvə potensialının böyüməsi mümkünlüyü nəzərə alınaraq, Almaniya baş naziri Angela Merkel və Alyansa üzv digər dövlətlərin başçılarının NATO-nun növbəti sammitində öncəki qərarlarına yenidən baxacaqlarını gözləyir. NATO baş katibi Alyans üzvlərinə hücuma istənilən an cavab verməyə hazır olduqlarını, ancaq müharibə istəmədiklərini vurğulayıb: "Rusiyanın tədricən nüvə silahı tətbiq etmək istiqamətində irəliləməsi təhlükəsi mövcuddur. Buna görə də NATO müdafiə qabiliyyətini artırmalıdır. Rusiya daha aqressiv və proqnozlaşdırılmayan bir dövlətə çevrilir".
Y.Stoltenberq Alyansın növbəti NATO-Rusiya Şurası formatında görüşə hazırlaşdığını, görüşün gündəliyinə hibrid savaşla bağlı məsələnin də daxil edilə biləcəyini açıqlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Y. Stoltenberq Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripalın zəhərlənməsi ilə əlaqədar NATO-nun Rusiya ilə "Soyuq Müharibə"yə yenidən başlamaq istəmədiyini bəyan etmişdi.
Xatırladaq ki, S. Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniyanın baş naziri Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. Baş verən hadisə ilə əlaqədar Rusiyanı ittiham edən T. Mey bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır. Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atıb. Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib. Rusiya Xarici İşlər Nazirliyi Sankt-Peterburqdakı Britaniya Konsulluğunun bağlanacağı və Böyük Britaniyanın Sankt-Peterburqda ümumi konsulluq açmaq üçün icazəsinin ləğv ediləcəyini də bəyan edib./APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?