Kreml martın 26-da ABŞ-ın və bir sıra Avropa dövlətlərinin rusiyalı diplomatları ölkədən çıxarmaq qərarını pisləyib və bunu “səhv addım” adlandırıb.
Birləşmiş Ştatlar, Kanada, Ukrayna, Fransa, Çex Respublikası, Finlandiya, Danimarka, Latviya, Litva və Hollandiya keçmiş Rusiya casusu Sergey Skripalın və onun qızı Yuliyanın İngiltərədə kimyəvi zəhər hücumuna məruz qalmasına görə çox sayda rusiyalı diplomatı öz ərazilərindən qovub.
Britaniya kimyəvi maddə hücumunda Rusiyanı ittiham edir və ölkənin müttəfiqləri bu məsələdə Londonu tam dəstəklədiklərini bildirirlər.
Avropa İttifaqı ölkələrindən ümumilikdə 31 Rusiya diplomatı çıxarılır. Almaniya, Fransa və Polşa hərəsi 4 diplomatı persona non-grata elan ediblər.
Avropa Şurasının prezidenti Donald Task deyib ki, ittifaqın 28 üzvündən yarısı rusiyalı diplomatların qovulması barədə qərar qəbul edib və “yaxın günlər və həftələrdə Aİ çərçivəsində yenə də belə addımların atılması istisna edilmir”.
Bu hadisə ilə əlaqədar prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, “biz bir sıra ölkələrin Rusiya diplomatlarını qovmaq qərarından təəssüf hissi keçiririk".
Peskov deyib ki, Vladimir Putin bu qərarla əlaqədar Rusiyanın cavab reaksiyasını bəyan edəcək.
Peskov əlavə edib ki, Moskva Qərbin addımına proporsional cavab vürəcək.
Rusiyanın Xarici İşlər Nazirliyi martın 26-da bildirib ki, diplomatların qovulması zəhərlənmədə “təqsirkar olanların tapılmasına kömək etməyəcək”.
Nazirlik “Britaniyanın müttəfiqlərini” sağlam düşüncə əvəzinə kor-koranə Avroatlantika prinsipinə sədaqətdə ittiham edib.
Bəyənatda deyilir ki, “bir qrup ölkənin belə qeyri-dost hərəkəti heç şübhəsiz izsiz ötüşməyəcək və biz buna reaksiya verəcəyik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?