Kimyəvi silahlara nəzarət edən təşkilatın beynəlxalq müfəttişləri bu ayın əvvəli 40 nəfərin ölümülə nəticələnmiş ehtimal edilən kimyəvi hücumun araşdırılması məqsədilə Suriyanın Duma şəhərinə gəlib.
Beynəlxalq Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertləri Suriyaya şənbə günü ABŞ, Britaniya və Fransanın kimyəvi silah obyektlərinə raket zərbələri endirməsindən bir gün sonra gəlib. Lakin onların aprelin 7-də ehtimal edilən kimyəvi hücumla bağlı fakt-araşdırıcı missiyaya başlaması üçün Suriya paytaxtı Dəməşq yaxınlığında yerləşən Duma şəhərinə getməsinə icazə verilməyib.
Fransa Xarici İşlər Nazirliyi bildirib ki, hücumdan keçən 10 gün gecikmədən sonra “Rusiya və Suriya ordularının bütünlüklə nəzarətində olan obyektdə sübutlar və mühüm elementlərin yoxa çıxması ehtimalı olduqca yüksəkdir”.
ABŞ-ın kimyəvi silahlara nəzarət edən təşkilatda səfiri Ken Vard rusların artıq obyektdə olduğunu və “orada saxtalaşdırmaya yol verə bildiklərini” iddia edib. Moskva bu iddiaları rədd edib.
ABŞ Dövlət Departamenti Rusiyanın beynəlxalq müşahidəçilərin Suriyada ehtimal edilən kimyəvi hücumu araşdırmasına mane olmağa çalışaraq, "mütəxəssislərin işlərini görməsini daha da çətinləşdirdiyini" bildirib.
"Onlar bunu görünür, yoxlama gecikdikcə kimyəvi elementlərin yox ola biləcəyini bildikləri üçün etmək istəyirlər" deyə, Dövlət Departamentinin sözçüsü Heather Nauert Əl-Hürrə televiziyasına verdiyi şərhində bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?