Mayın 4-də Ukrayna Baş Prokurorluğu Ali Radanın deputatı Mustafa Nayemə bədən xəsarətləri yetirilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Ukrayna vətəndaşı Maqomed Saitovun həmin ölkəyə ekstradisiya edilməsi məqsədilə Azərbaycan Baş Prokurorluğuna müraciət edib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir ki, M.Saitov 30 aprel 2018-ci ildə Kiyev-Bakı reysi ilə Ukrayna ərazisini tərk edib, mayın 2-də isə Kiyev şəhəri Şevçenko Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.
M.Saitov Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müəyyən edilərək prokurorluğa təqdim edilib və hazırkı vaxtadək ekstradisiya sənədləri daxil olmadığından barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.
“Qeyd olunan sənədlər Azərbaycan tərəfinə təqdim edildikdən sonra şəxsin Ukraynaya verilməsi məsələsi ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və milli qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq”, məlumatda deyilir.
Ukrayna mediasının məlumatına görə, bu il aprelin 30-da Kiyevin mərkəzində baş verən insident zamanı Ukrayna Ali Radasının deputatı Mustafa Nayemə bədən xəsarəti yetirilib. Hadisədən sonra Ukrayna hüqüq mühafiə orqanları Ukrayna Cinayət Məsəlləsinin xuliqanlıq maddəsi (296-cı maddənin 2-ci hissəsi) ilə cinayət işi başlayıb. İki Rusiya və bir Ukrayna vətəndaşı saxlanılıb. İnsidentdə iştirak edən 4-cü şəxs, Ukrayna vətəndaşı Maqomed Saitov hadisə baş verən günü Bakıya uçub. Ona qarşı şifahi olaraq Ukrayna Cinayət Məcəlləsinin xuliqanlıq və məqsədli olaraq orta dərcəli bədən xəsarəti yetirmək (Cinayət Məcəlləsinin 122-ci maddəsinin 1-ci hissəsi) maddələri ilə ittiham elan edilib.
Maqomed Saitov Ukraynada peşəkar boks klubunun prezidentidir və mayın 2-dən 4-dək Bakıda keçirilən beynəlxalq boks yarışının təşkilatçısıdır.
“Maqomed Saitov bu səbəbdən respublikamıza gəlib. Şəxsi işləri ilə əlaqədar Moskva şəhərinə gedən zaman Bakı beynəlxalq hava limanında saxlanılıb”. Bu barədə Saitovun Bakıdakı vəkili Adəm Məmmədov bildirib.
Vəkilin sözlərinə görə, onun tutulmasına səbəb Ukrayna parlamentinin deputatı ilə aralarında Kiyev şəhərində küçədə anidən baş vermiş mübahisə olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?