ABŞ prezidenti Donald Tramp və Özbəkistan prezidenti Şavkat Mirziyoyev Ağ Evdə danışıqlardan sonra daha yaxın strateji tərəfdaşlıq münasibətləri qurmağa söz verib. İki lider ölkələr arasında iqtisadi və hərbi əlaqələrin gücləndirilməsi, regional təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edib. Özbəkistanda insan hüquqlarının durumunun yaxşılaşdırılması məsələsi də gündəmdə olub.
Prezident Tramp islahatçı prezident Şavkat Mirziyoyevlə Özbəkistan rəsmilərinin “tarixi” adlandırdıqları görüş keçirib.
Danışıqlardan öncə Tramp Mirziyoyevin öz ölkəsində “ehtiram göstərilən insan” olduğunu deyib.
“Biz ticarət də daxil olmaqla, müxtəlif məsələlər ətrafında yaxından işləmişik. Onlar burada investisiya qoyuluşları edib. Biz orada yatırımlar etmişik. Biz Birləşmiş Ştatlardan hərbi təchizat və avadanlığın alınması kimi hərbi sahədə birlikdə iş aparmışıq”.
Mirziyoyev Trampın vergi islahatı və iş yerlərinin artırılması kimi nailiyyətlərini yüksək qiymətləndirib.
Özbəkistan lideri həmçinin iki ölkənin iqtisadi və hərbi əlaqələri gücləndirməsini alqışlayıb.
“Biz ABŞ-dan avandalıq və böyük həcmdə texnoloji avadanlıq alırıq. Mənim artıq burada qeyd etdiyim kimi, bu gün tarixi bir görüş idi. Cənab prezident, Birləşmiş Ştatlara bu tarixi səfərin bir hissəsi olaraq biz ABŞ-ın aparıcı şirkətləri ilə 5 milyard dollarlıq kontraktlar və razılaşmalar imzalamışıq”.
Mirziyoyev hakimiyyətə 20 ay bundan öncə, ölkəni uzun müddət idarə etmiş avtokrat İslam Kərimovun ölümündən sonra gəlib.
İnsan hüquqları müdafiəçiləri Özbəkistan liderinin ölkəsində azadlıqlara imkan verdiyini bildirir.
Özbəkistan parlamentinin üzvü Sadiq Safoyev Amerikanın Səsinə müsahibə verib.
“Biz bu gün ölkədə gedən demokratik prosesə görə Özbəkistanın imicinin dəyişdiyini görürük və burada Vaşinqtonda buna qiymət verilir”.
Özbəkistan prezidenti bu yaxınlarda müxalifət lideri və insan haqları fəalı Fahruddin Tillayevi azad edib. O, dörd ildən artıq həbsdə olub. Fəallar onun həbsini siyasi motivli adlandırırdı.
Human Rights Watch təşkilatının Mərkəzi Asiya üzrə nümayəndəsi Stiv Sverdlov deyir ki, irəliləyiş var, lakin inkişaf olmalıdır.
“Hökuməti verdiyi vədlər və təəhhüdlərə görə məsul tuta bilən müstəqil vətəndaş cəmiyyətinin olması lazımdır. Bu da o deməkdir ki, biz işgəncədən tutmuş siyasi məhbuslar və söz azadlığı kimi məsələlərlə məşğul olan yerli qeyri-hökumət təşkilatlarının qeydiyyatdan keçməsi və akkreditasiyasını görməliyik”.
Atlantika Şurasında Avrasiya mərkəzində təhlilçi və ABŞ-ın Özbəkistandakı keçmiş səfiri Con Herbst.
“Biz bu gün Özbəkistan haqda əsl açıq, ya da demokratik dövlət kimi danışa bilmərik. Biz indi həqiqətən də açıqlıq, müəyyən dərəcədə insan hüquqları və həbsxana sistemi kimi sahələrdə sərt siyasətin dəyişməsini müşahidə edirik”.
Herbst deyir ki, ABŞ Özbəkistanda insan hüquqları sahəsində irəliləyişləri qiymətləndirir. Bu isə Mərkəzi Asiyanın 32 milyon əhalisi olan ölkəsinin Amerikadan daha çox investisiya almasına kömək edə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?