ABŞ dövlət katibi Mayk Pompeo və Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü telefon söhbəti zamanı Suriyada böhranın nizamlanması və Ukraynada münaqişəni müzakirə ediblər. Bu haqda ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.
Bu, Mayk Pompeonun dövlət katibi kimi and içərək vəzifəsinin icrasına başlaması və Sergey Lavrovun yenidən xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsindən sonra iki ölkə diplomatı arasında ilk telefon söhbətidir.
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauertin verdiyi açıqlamada bildirilir ki, Pompeo və Lavrov ikitərəfli əlaqələr, eləcə də Ukrayna və Suriyada durumla bağlı məsələlər və problemləri müzakirə edib.
“Dövlət katibi Pompeo bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiya ilə münasibətlərin yaxşılaşmasına çalışsa da, buna nail olunması üçün Rusiya ABŞ-ın daxili işlərinə müdaxilə də daxil olmaqla, bizim narahatlıqlarımızı ünvanlamaq üçün konkret addımlar atmağa hazır olduğunu nümayiş etdirməlidir”, Dövlət Departamentinin sözçüsünün açıqlamasında bildirilir.
Bundan öncə Rusiyanın Xarici İşlər nazirliyinin verdiyi açıqlamada Pompeo və Lavrovun iki ölkə arasında fikir ayrılıqlarının həlli edilməsinin vacibliyini qeyd etdikləri bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?