İsrailin baş naziri Benjamin Netanyahu ermənilərin Osmanlı imperiyası dövründə “soyqırımına” məruz qalması ilə bağlı qanun layihəsinin müzakirəsini gündəlikdən çıxarıb.
AzadlıqRadiosunda olan məlumata görə, İsrailin xarici işlər nazirliyi iyunun 3-də bəyan edib ki, Netanyahu məsələnin müzakirəsini Türkiyədə keçiriləcək seçkilərdən sonraya saxlamaq qərarına gəlib.
Məlumata görə, İsraildə belə bir narahatlıq var ki, məsələnin indi müzakirəyə çıxarılması, seçki kampaniyası zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın xeyrinə işləyə bilər.
İyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Ermənistan Osmanlı imperiyası dövründə Türkiyədə 1,5 milyon erməninin “soyqırımına” məruz qaldığını iddia edir.
Türkiyə isə ittihamı qəti şəkildə rədd edir.
Rəsmi Ankara dəfələrlə bəyan edib ki, bu rəqəm qat-qat şişirdilib, ikincisi isə həmin dövrdə baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli itki olub.
Fransa ilə Almaniya da daxil olmaqla indiyədək 20-dən çox ölkə həmin dövrdəki “erməni qırğınını”, “soyqırım” kimi tanıyıb.
Ötən ay İsraillə fələstinlilər arasında başlayan toqquşmalardan sonra Türkiyə-İsrail münasibətlərində yenidən gərginlik yaranıb.
Ərdogan İsraili “terroçu dövlət” adlandırıb və onun fələstinlilərlə davranışını, nasist Almaniyasının yəhudilərə olan münasibətilə eyniləşdirib. Netanyahu isə Ərdoganı Türkiyə və Suriyadakı kürdlərin “qətlində” günahlandırıb.
Tərəflər qarşılıqlı şəkildə səfirlərini geri çağırıblar./AzadlıqRadiosu
Sorğu
Yeni dizaynımız necədir?