İranda çıxan ingilisdilli “Financial Tribune” yazır ki, İran hökuməti ABŞ dollarından imtina ilə bağlı rəsmi açıqlama yayıb. Bu barədə “Forbes” jurnalı məqalə dərc edib.
Qərarı İranın Mərkəzi Bankının rəhbəri Valiollah Seif yanvarın 29-da yerli televiziyaya müsahibəsində açıqlayıb. İran hökuməti bunu mayın 21-dən başlayan yeni maliyyə ilindən tətbiq edəcək.
“Müsəlman qadağası” səbəb olub
Bu addım ABŞ prezidenti Donald Trump-ın bu günlərdə imzaladığı “müsəlman qadağası” sərəncamından sonra atılıb. Həmin sərəncam İran daxil yeddi müsəlman dövlətindən ABŞ-a gəlmək istəyənlərin ölkəyə girişini 90 günlük məhdudlaşdırıb.
İran bəyan etmişdi ki, onlar da “qarşılıqlı addımlar” atacaq və ABŞ vətəndaşlarına viza verilməsini dayandıracaqlar.
Hərçənd bəzi istisnalar ola bilər. İranın Xarici İşlər Nazirliyi bildirib ki, Kirmanşah şəhərində keçiriləcək güləş üzrə Dünya Kuboku çempionatında iştirak etmək üçün ABŞ yığmasının ölkəyə girişinə izn verib-verməyəcəyi barədə, hələ ki, bir qərara gəlməyiblər. Komanda fevralın ortalarında Kirmanşah əyalətində dünya çempionatına qatılmağa hazırlaşır.
Ağ ev bəyan edib ki, İran və digərlərinə qoyulan qadağa terrorizm təhlükəsini önləmək üçündür. Halbuki, 1975-ci ildən indiyə kimi ABŞ-da baş verən terror hücumlarında səyahət qadağası qoyulan ölkələrin hər hansı vətəndaşının əli olmayıb. Eyni zamanda, o da diqqət çəkir ki, Trump hədəfə alınmış 7 ölkənin heç birində biznes şəbəkəsinə sahib deyil, ancaq onun biznes maraqlarının olduğu və qadağa siyahısına düşməyən elə ölkələr var ki, bu dövlətlərin vətəndaşlarının ABŞ-dakı terrorlarda iştirakı olub.
Sanksiyalar İranın ABŞ-la ticarət əlaqəsi zəiflədib
ABŞ administrasiyasının ardıcıl sanksiyaları nəticəsində İranla Amerika arasında ticarət əlaqəsi azalıb. İranın əsas ticarət tərəfdaşı Birləşmiş Ərəb Əmirlikləridir, ixrac və idxal dövriyyəsi ümumi ticarətin 24 faizini təşkil edir. Çin də əsas təfərdaşlardan biridir, İranla ümumi ticarət dövriyyəsi 22 faizdir. Türkiyə, Hindistan və Avropa Birliyi ölkələri də İranla iri ticarət dövriyyəsinə sahibdir.
“İran ticarətdə dolları nə ilə əvəz edəcək” sualı isə, hələ də, açıqdır. İranın Mərkəzi Bankının rəhbəri Valiollah Seif televiziyaya müsahibəsində deyib ki, onlar “maliyyə hesabatlılığı əsasında daha stabil və xarici ticarətdə daha çox tətbiq edilən valyuta seçməlidirlər”, – “Financial Tribune” yazır.
“İran öz valyuta səbətini seçmək hüququna sahibdir”
O əlavə edib ki, İranın “xarici ticarətdə böyük rol oynayan valyuta səbətini seçmək və ya onu dəyişdirmək” hüququ var. Mərkəzi Bankın rəhbəri avronun dollara alternativ ola biləcəyini istisna etməyib.
Ancaq dollardan imtina İranın özü üçün ağır nəticələr verə bilər, çünki ölkənin əsas ixracı olan neft dollarla dəyərləndirilir. İranın bu maliyyə ilində neft satışından 41 milyard dollar qazanacağı gözlənilir.
Valiollah Seif elan edib ki, maliyyə ili üçün valyuta dəyişməsi yaxın bir ya iki ay ərzində gerçəkləşəcək. Mərkəzi Bankın rəhbəri onu da deyib ki, öz planlarını reallaşdırmaqdan ötrü qurum daha çox valyuta mübadiləsi razılaşmasını imzalamağı hədəfləyib.
V. Seif bildirib ki, bu məqsədlə Azərbaycan, İraq, Rusiya və Türkiyə kimi müxtəlif ölkələrlə belə razılaşmalar əldə edilib, amma onlar icra oluna bilmir. O bunu xam neft ixracı qarşılığında həmin ölkələrdən idxal etməyə uyğun məhsul olmamasıyla izah edib.
Ancaq öz hesabatlılığını başqa valyutaya keçirmək valyuta riski və dayanıqsızlığı yarada bilər. Görünür, durum hakimiyyət üçün çətinləşə bilər. İndiki mərhələdə, hərçənd, hökumətin bu məsələləri necə çözəcəyi bəlli deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?