Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın son günlərdə atdığı addımları tənqid etməsi Ermənistanda birmənalı qarşılanmayıb.
Erməni politoloq Stepan Danielyan baş nazir Nikol Paşinyanın Moskvanı qıcıqlandıran davranış və bəyanatlarının Ermənistan üçün ağır fəsadlar törədəcəyi ilə bağlı xəbərdarlıq edib. Onun fikrincə, hazırda Ermənistan daxilindəki ən qalmaqallı siyasi hadisə - sabiq prezident Robert Koçaryanla Kollektiv Təhlükszilik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan sədri Yuri Xaçaturov ətrafında cərəyan edən prosesləri Rusiya özü üçün təhqir hesab edir. Danielyanın sözlərinə görə, Moskva İrəvan rəhbərliyinin davranışlarını Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirəcək. Bu mənada erməni politoloq hesab edir ki, son günlər “Erməni Milli Konqresi”nin aktivliyi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə sensasiyalı bəyanatlar səsləndirilməsi təsadüfi deyil.
“Odur ki, Ermənistan siyasi gündəminin bir nömrəli məsələsi Rusiya ilə münasibətlər olacaq. Lakin mən belə başa düşürəm ki, Paşinyan 17 avqusta dəstək mitinqi təyin etməklə anti-Rusiya aksiyasına hazırlaşır. Ermənistanın hazırkı durumunu nəzərə alsaq, indi hər şey bizim üçün təhlükə ehtiva edə bilər. Bu, o demək deyil ki, biz Rusiya ilə suveren-vassal münasibətlər sistemini qorumalıyıq. Lakin İrəvanın son addımları, xüsusən də KTMT baş katibinin məsələsi ilə bağlı tələsik davranışlarını anlamaq çətindir. Xaçaturovu əvvəlcə tutduğu postdan geri çağırıb və bundan sonra ona qarşı istintaq prosesini başlatmaq da olardı...”.
Lakin Danielyanın fikrincə, artıq gecdir və Rusiya ilə Ermənistan arasındakı mübahisəli məsələlərin müəyyən nəticələri olacaq: “Ola bilər ki, sərhəddə gərginlik yaransın, həmçinin sanksiya formasında olmasa da, iqtisadi məhdudiyyətlərin tətbiqi mümkündür. Məsələn, Yuxarı Larsdan keçən yollar bağlana bilər. Bu cür tədbirlər Ermənistan ictimai rəyinə də mənfi təsir göstərəcək. Lakin ilkin mərhələdə əhali anti-Rusiya əhvalında olsa da, daha sonra etirazların istiqaməti Paşinyan hökumətinə qarşı çevriləcək.”
Erməni politoloq sual edib ki, “bütün bu fəsadların fərqində olan Paşinyan hökumətinin hansısa planı varmı? Mən nə daxili, nə də xarici siyasətdə belə bir planın mövcudluğunu görürəm”. /azvision.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?