Ermənistanın baş naziri Nikol Paşinyanla onun hökumətinin bir hissəsini təşkil edən “Daşnaksütyun” partiyasının münasibətləri artıq əvvəlkitək deyil və getdikcə onlar arasındakı fikir ayrılıqları çoxalır.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb. Qeyd olunur ki, Paşinyan silahdaşlarilə münasibətlərinin pisləşməsinin səbəbi ölkə daxilində cərəyan edən son siyasi proseslərdir. Belə ki, Paşinyanın hökumətində təmsil olunmasına baxmayaraq, “Daşnaksütyun” partiyası bir növ ölkə hakimiyyətini ittiham edən bəyanatla çıxış edib.
“Daşnaksütyun”un bəyanatında deyilir ki, sabiq prezident Robert Koçaryan və digər yüksək vəzifəli şəxslərə qarşı ittihamlar, onların barəsində həns qətimkan tədbirinin seçilməsi hökumətin və hüquq-mühafizə orqanlarının seçici ədalətlə və qərəzli istintaqla məşğul olduqları təəssüratını formalaşdırır.
“Daşnaksütyun”un bu ifadələrinə cavab olaraq Paşinyanın təsis etdiyi “Vətəndaş müqaviləsi” partiyasının üzvü, baş nazirin müavini Tiqran Avinyan Ermənistanın Azadlıq radiosuna verdiyi müsahibədə bildirib ki, hökumətdə koalisiya formalaşdırdıqları bir partiyanın və tərəfdaşlarının bu addımı ciddi düşünməyə əsas verir.
“Onların bu davranışını analiz etməliyik və hesab edirəm ki, bu analiz konkret nəticələrə gətirib çıxaracaq. Görün kim – hökumətin bir hissəsini təşkil edən “Daşnaksütyun” partiyası belə bir bəyanat verir. Onlar icra və məhkəmə hakimiyyətləri arasındakı qarşılıqlı münasibətlərin mahiyyətini bilməlidirlər.” – deyə, Avinyan vurğulayıb.
“Daşnaksütyun” partiyası isə baş nazirin müavininin bu sözlərinə hələlik cavab verməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?