Əfqanıstanda İslam Dövləti qrupunun lideri dron hücumu zamanı öldürülüb. Əbdu Səad Erhabi ilə bərabər İŞİD-in daha 9 komandiri həlak olub.
Xoqyani vilayətində həyata keçirilən gecə hücumu qrupun Nanqarhar vilayətindəki baş qərargahını hədəf alıb.
Vilayət hökumətinin sözçüsü Attaulah Xoqyani Amerikanın Səsinə bildirib ki, İŞİD-in iki bazası sıradan çıxarılıb.
Əfqanıstanın kəşfiyyat rəsmiləri əks-terror əməliyyatına beynəlxalq qüvvələrin yardım etdiyini deyib. ABŞ-ın ordu sözçüsü Martin Odennel hücum zamanı terrorist təşkilatının liderinin öldürüldüyünü təsdiq edib.
Erhabi ISK-P adı ilə tanınan qrupun öldürülən 4-cü lideridir. Bu qrup Nanqarhar vilayətində ən ağır hücumların məsuliyyətini daşıyır.
Kabil Rusiyanın iddialarına zidd olaraq ölkədə 2 mindən artıq ISK-P yaraqlısı olduğunu bildirir. Rusiya isə bu göstəricinin 10 mindən artıq olduğunu deyir.
Bu ayın əvvəlində Taliban çoxsaylı İŞİD yaraqlısının öldürüldüyünü bildirmişdi.
Təkcə ötən il Əfqanıstanda 3 min 400-dən artıq dinc sakin öldürülüb, 7 min nəfər xəsarət alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?