İtaliyanın “Paghera” şirkətinin azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı iddia qaldırması ilə bağlı yeni maraqlı faktlar üzə çıxıb.
Oxu.Az bununla bağlı “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Alberti və bu şirkətin Azərbaycandakı vəkili Kamandar Nəsibovla əlaqə saxlayıb.
Vəkil deyib ki, 2017-ci ilin noyabrından başlayaraq, “Baku Caspian Real Estate Limited” şirkəti müştəri qismində “Paghera” şirkətinə iddia məktubu göndərib.
“Onlar Fərhad Əhmədovun Bilgəhdə yerləşən igamətgahında yaşıllaşdırma işləri dövründə yaranan nöqsanların aradan qaldırılmasını tələb ediblər. “Paghera” əməkdaşları göstərilən nöqsanların aradan qaldırılması üçün iqamətgaha gəliblər. Ancaq hər dəfə onların işləməsinə icazə verilməyib.
Bu absurddur. Onlar deyirlər ki, nöqsanları aradan qaldırmaq lazımdır, ancaq özləri işləri görməyə qoymurlar”, - o deyib.
Müsahibimizin sözlərinə görə, “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinin icraçı direktoru Massimo Albertinin nöqsanları aradan qaldırmaq üçün iqamətgaha gəldiyini sübut edən videogörüntülər var. Mühafizəçilər radioəlaqə vasitəsilə bunu məruzə edəndə belə cavab alırlar: “Rədd elə onları oradan!”
“Beləliklə, nöqsanların aradan qaldırılmasında ləngimələr onların öz günahı səbəbindən yaranıb. Bundan başqa, bizə qarşı iddia irəli sürüblər ki, təmir işlər zamanı istifadə edilən metal konstruksiyalar Bakının Babək prospektindəki sexdə hazırlanıb.
Bu, yalandır. Şirkətin əlində həmin konstruksiyaların İtaliyadan gətirilməsi və gömrük sənədləri ilə bağlı kifayət qədər sübut var”, - vəkil bildirib.
Bakıda bağ evində qalmaqal. Massimo Alberti: Hələ başımıza belə iş gəlməmişdi K.Nəsibovun sözlərinə görə, Fərhad Əhmədova məxsus şirkətin təmir işləri zamanı Azərbaycanda istehsal olunan elektrik kabelindən istifadə edilməsi ilə bağlı iddia isə uğurlu səslənmir.
“İtalyan şirkəti bunu təkzib etmir. Bəli, təmirdə Azərbaycanda istehsal olunan kabeldən istifadə edilib, çünki o, İtaliyada istehsal olunandan daha keyfiyyətli olub. İtalyan şirkətinin əməkdaşları Azərbaycan malının keyfiyyətinə heyran olublar. Həqiqətən də, bu kabel baha və daha keyfiyyətli olub. Qərar verildi ki, bu kabeldən istifadə olunsun.
Ən başlıcası, Azərbaycan kabelindən istifadə edilməsi sifarişçi ilə şifahi şəkildə razılaşdırılıb. Fərhad Əhmədov bu kabelin keyfiyyətsiz olmasını yalnız Azərbaycanda istehsal olunması ilə izah edir. Bu, öz ölkəsinə hörmətsizlik və təhqirdir”, - vəkil deyib.
O bildirib ki, Fərhad Əhmədovun şirkətinin “Paghera”ya qarşı iddiaları əsassızdır.
“Səbəbini izah edim. Onlar iddia edirlər ki, Əhmədovun iqamətgahında “Paghera” tərəfindən görülən bütün işlər düzgün aparılmayıb və keyfiyyətsizdir.
Xatırladım ki, bu, Əhmədovun “Paghera” ilə ilk müqaviləsi deyil. Birinci müqavilədən sonra heç bir narazılıq olmayıb. İşə görə ödəniş də vaxtında edilib. Əgər narazılıq varsa, niyə pul ödənilsin? Buna görə ikinci sifariş də gəldi. Daha bir sual yaranır: Əgər işindən narazısansa, niyə ikinci dəfə müraciət edirsən?”, - müsahibimiz qeyd edib.
İtalyanların vəkili bildirib ki, daha bir iddia “Paghera” şirkətinin sənədləri saxtalaşdırmasına aiddir. İddiaya əsasən, şirkət Fərhad Əhmədovun imzası olan bəzi saxta sənədlər hazırlayıb.
“Bu da absurddur. Bu, tamamilə yolverilməz bir şeydir. Fərhad Əhmədovun şirkəti iddia edir ki, araşdırma zamanı İtaliya şirkəti prokurorluğa pul göndərib. Belə bir şey olmayıb. Heç kim heç yerə pul göndərməyib”, - Nəsirov deyib.
Vəkil əlavə edib ki, Əhmədovun tabeliyində olan şəxslər uzun müddət “Paghera” şirkətinin əməkdaşlarına və rəhbərliyinə təhdidlər ünvanlayıb.
“İtalyanlar Azərbaycan qanunvericiliyi ilə tanış deyildilər. Onlar bu faktdan istifadə edərək, həmişə deyirdilər ki, “Paghera” şirkəti Azərbaycan qanunlarını pozur. İtaliya şirkətinə cinayət işindən qaçması üçün başqa işlər tapşırılırdı. Bunu edin, onu edin, yoxsa həbsxanaya düşəcəksiniz. Təhdidlər, demək olar ki, hər gün səslənirdi”, - müsahibimiz qeyd edib.
Massimo Alberti bildirib ki, Bakını sevir və azərbaycanlılara hörmət edir.
“Bakı mənim üçün ikinci evdir. Mən İtaliyada da bu gözəl ölkənin tərzini inkişaf etdirməyə çalışıram. Ümid edirəm ki, bu münasibətlər bir oliqarxın kaprizlərinə görə təhlükə altına düşməyəcək. Pulla hər şeyi almaq olar, ədaləti isə əsla olmaz.
Onlar mənim əməkdaşıma 50 min dollar təklif ediblər ki, o, mənə qarşı ifadə versin. Əgər təmizsənsə, şahidləri niyə alırsan? Nəsibov öz işini yaxşı bilir və rusiyalı milyarderin belə Azərbaycan qanunlarını yerinə yetirməli olduğunu hər kəsə başa sala bilər”, - Alberti bildirib.
Xatırladaq ki, 2016-cı ildə “Paghera” şirkəti iş adamı Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsindəki altı hektarlıq ərazidə təmir və yaşıllaşdırma işlərinin görülməsi üçün müqavilə bağlayıb.
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov Rusiyanın 200 varlı insanı arasında 67-ci yerdədir.
“Paghere Green Service Societa Agricola SR” şirkəti azərbaycanlı milyarder və onun şirkətinə qarşı iddia qaldırıb.
İddiada bildirilib ki, iş adamı Fərhad Əhmədova məxsus “Baku Caspian Real Estates Limited” şirkəti italyan şirkətinə borclu olduğu üç milyon avronu ödəməyib.
Müqaviləyə əsasən, bu işlərə görə şirkət italyanlara 12 milyon avro və əlavə ödənişlər etməlidir. Ancaq işin sona çatmasına az qalmış Fərhad Əhmədova məxsus şirkət üç milyon avronu ödəməkdən imtina edib və İtaliya şirkətinin nümayəndələrinə qarşı təhdidlər səsləndirib.
Hazırda “Paghere Green Service Societa Agricola S.R.” şirkəti London məhkəməsinə müraciət edərək, maddi və mənəvi zərərə görə beş milyon avroluq iddia irəli sürüb.
Sorğu
Yeni dizaynımız necədir?