ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında bütün ölkələri İranın təcrid edilməsi çağırışından sonra BMT Təhlükəsizlik Şurasındakı çıxışında da Tehranın tənqidini davam etdirib.
Tramp dünənki çıxışda deyib ki, İran özünün “ballistik raket proqramı üçün həssas materialların qanunsuz əldə olunmasını davam etdirir” və bu raketləri Yaxın Şərq boyunca yayır:
"Bu rejim dünyada terrorun aparıcı sponsorudur və region boyunca, habelə ondan uzaqlarda münaqişələri qızışdırır”.
Lakin onun bütün ölkələrə İrana qarşı ABŞ sanksiyalarına qoşulmaq çağırışı 2015-ci il nüvə sazişinin digər imzaçıları tərəfindən rədd edilib. Bunlar Britaniya, Fransa, Rusiya, Çin və Almaniyadır.
Bu arada İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasında jurnalistlərə deyib ki, Tehran bu, onun üçün faydalı olacağı müddətdə sazişə sadiq qalmaqda davam edəcək.
Tramp Təhlükəsizlik Şurasına deyib ki, o bu sazişin İrana nüvə silahı yaratmaq imkanı verdiyinə inandığına görə ABŞ-ı 2015-ci il sazişindən çıxarıb.
O iddia edib ki, 2015-ci il sazişi imzalanandan bəri “İranın təcavüzü yalnız artıb”.
“Onlar nə qonşularına, nə sərhədlərə, nə də millətlərin suveren hüquqlarına hörmət edir. Bunun əvəzinə İran rəhbərliyi ölkənin resurslarından özlərini varlandırmaq və Yaxın Şərq və onun hüdudlarından kənarda qarışıqlıq yaratmaqdan ötrü istifadə edir”, Tramp bildirib.
BMT-də çıxışından öncə müxbirlərlə danışan Tramp deyib ki, İran liderləri iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə hər hansı danışıqlardan öncə davranışlarını dəyişməlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?