Gürcüstanda apellyasiya məhkəməsi keçmiş prezident Mixeil Saakaşvili barəsində 2005-ci ildə baş vermiş insident zamanı səlahiyyətlərini aşdığına görə azadlıqdan məhrumedilmə cəzası hökmünü qüvvədə saxlayıb.
Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini ötən iyul ayında qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edib. O, 2005-ci ildə ovaxtkı millət vəkili Valeri Gelaşvilini döydürmək üçün xüsusi qüvvələri göndərməkdə ittiham edilirdi.
Prokuror Arçil Tkeşelaşvili noyabrın 22-də deyib ki, apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlasa da, prokurorluğun cəzanın sərtləşdirilməsinə dair vəsatətini rədd edib.
Məhkəmənin qərarında deyilir ki, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili onu tənqid etdiyinə görə millət vəkili Gelaşviliyə hücum təşkil edib. Gelaşvili Saakaşvilini dövlət mülkiyyətindən sui-istifadədə ittiham edirdi.
Saakaşvili yanvar ayında yenə də qiyabi olaraq gürcü bankir Sandro Girgvlianinin 2006-cı ildə qətlinə dair sübutların ört-basdır edilməsi ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hazırda Hollandiyada yaşayan keçmiş prezident bütün ittihamları siyasi motivli adlandıraraq rədd edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?