Yəhudi təşkilatı Almaniyada faşistlərin axtarışı kampaniyası başladıb
Almaniyada sağ qalmış faşistlərin axtarışı kampaniyası başladılıb. Kampaniyanı ABŞ-da mərkəzləşən «Simon Vizental» yəhudi mərkəzi təşkil edib. "Euronews"un məlumatına görə, kampaniya 2-ci dünya müharibəsindən sağ qalan faşistlərin axtarışı və məsuliyyətə cəlb edilməsi üçün təşkil olunub. Berlin, Hamburq və Köln şəhərlərində sağ qalmış faşistlər barədə məlumat vermək xahişi ilə 2000-ə yaxın plakat asılıb. Kağız lövhələrdə əsas ölüm düşərgəsi olan Osvençiumun giriş qapısı təsvir edilib və «Gecdir. Amma çox da gec deyil. «Son şans-2» əməliyyatı» sözləri yazılıb.
«Simon Vizental» mərkəzi faşistlər haqqında faydalı məlumatlara görə 33 min dollara yaxın pul mükafatı vəd edir. Yəhudi təşkilatının məlumatına görə, təkcə Almaniyada Hitlerin 60-dan 120-dək keçmiş ardıcılı yaşayır. Onların bəziləri faşist düşərgələrində keşikçi vəzifəsində işləyib yaxud da «ölüm eskadronları»nda xidmət ediblər və kütləvi qətllərə görə məsuliyyət daşıyırlar.
«Düşünürəm ki, bu, vətəndaşlardan məlumat almağın, uzun müddət ərzində demək olar ki, hər gün kütləvi qətllərdə əli olan şəxsləri məsuliyyətə cəlb etməyin ən yaxşı üsullarından biridir. Demyanyuk mühakimə edildikdən sonra digərlərini də elə sadəcə ölüm düşərgələrində xidmət etdiklərinə görə məsuliyyətə cəlb etmək olar.» - deyə, «Simon Vizental» Mərkəzinin sədri Efraim Zuroff bildirib.
Qeyd edək ki, 2 il əvvəl Almaniyada Ukrayna vətəndaşı İvan Demyanyuk Polşada Sobibur əsir düşərgəsində keşikçi olaraq xidmət etdiyinə görə mühakimə edilmişdi. Həmin vaxt 90 yaşında olan Demyanyuk ötən il həbsxanada dünyasını dəyişmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?