"Son vaxtlar Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərinin sayı paytaxt Bakıda çoxalıb. Sürücülər arasında sanki bir dəb halını alıb ki, bu ölkəyə məxsus olan qeydiyyat nişanlı avtomobil ilə hər hansı qayda pozduqda radar və kameralar bunu aşkar etsə də sürücülər bu vəziyyətdən asanlıqla çıxırlar."
Bunu avtosfer.az-a yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bəzən 5000-10000 manata qədər cərimə dəyərində qayda pozsalar belə maşını Gürcüstana keçirir, yeni nömrə alaraq Azərbaycana qayıdırlar. "Bu tendensiya həqiqətən də əvvəllər baş verib. Lakin biz Avtosfer.az saytı olaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə müzakirələr aparmışıq. Belə bir nəticə ortaya çıxdı ki, hazırda bu əməllərə yol verən sürücülər heç də məsuliyyətdən kənarda qalmır. DYP əməkdaşları həmin nəqliyyat vasitələrini saxladıqda onun ban və şassi nömrələrini Mərkəzi Məlumat Sistemində yoxlamaqla əvvəlki cərimələrini də üzə çıxara bilirlər. Artıq son günlər onlarla belə avtomobil saxlanılıb və məlum olub ki, onların əksəriyyəti bir neçə dəfə Gürcüstanda dövlət qeydiyyat nişanını dəyişib. Bununla belə YPX əməkdaşları həmin avtomobilləri cərimə meydançasına aparır və cərimələri ödədikdən sonra sürücülər nəqliyyat vasitələrini götürə bilir." Elməddin Muradlı deyir ki, çox təssüflər olsun ki, Gürcüstanda yaşayan həmvətənlərimiz həmin ölkədə bütün yol hərəkəti qaydalarına əməl edirlər. "Azərbaycandan Gürcüstana gedəndə sərhəddi keçən kimi təhlükəsizlik kəməri taxır, qaydalar çərçivəsində sürürlər. Amma nədənsə Azərbaycan ərazisində özlərini "toxunulmaz" sayır və çox kobud qayda pozuntularına yol verirlər. Hətta 15, 17 min manat məbləğində cəriməsi olanlar var. Bəziləri məsuliyyətdən yayınmaq üçün Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət ediblər. Amma nəzərə almaq lazımdır ki, qaydaları pozanlar mütləq şəkildə cəzalanacaq." Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi saytı vasitəsilə bu cür qayda pozan sürücülərə müraciət edərək bunun heç bir faydasının olmayacağını diqqətə çatdırır və qaydalara əməl etməyə çağırır.
Sorğu
Yeni dizaynımız necədir?