Yeni Zelandiya polisi bildirir ki, cümə günü azı 49 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən iki məscidə hücum etməkdə şübhəli bilinən şəxs qətl ittihamı ilə həbs olunub.
İnternetdə şübhəli şəxsin maşının içində silahlarla olduğu foto yayılıb. Yeni Zelandiya Televiziyası (TVNZ) hücum edən şəxsin Avstraliyanın Qraftın şəhərindən Brenton Tarrant olduğunu bildirib.
Lakin polis həbs olunan şəxsin adını təsdiqləməyib.
“Hələ ki, 20 yaşlarında bir kişi həbs olunub və sabah səhər Kraystçörç məhkəməsinə çıxarılacaq. Bundan əlavə üç nəfər də həbs olunub, lakin biz onlardan silahı olan və hadisə yerində olan birinin hadisə ilə heç bir əlaqəsinin olmadığına inanırıq. Silahlı digər iki nəfərin isə hücumla əlaqələrini müəyyən etməyə çalışırıq”, komisar Mayk Buş deyib.
Polis komissarı bildirib ki, Yeni Zelandiya və ya Avstraliyada heç bir idarə həbs olunan şəxslərlə bağlı öncədən məlumata sahib olmayıb. Baş nazir Casinda Ardern deyib ki, ölkədə daha öncə belə bir hücum baş verməyib.
"Bu hücuma birbaşa məruz qalan insanların çoxu Yeni Zelandiyadakı miqrantlar, qaçqınlar ola bilərlər. Onlar Yeni Zelandiyanı özlərinə ev seçiblər, bura onların evidir. Onlar bizdəndir. Bizə qarşı bu hücumu edən isə bizdən deyil. Onların Yeni Zelandiyada yeri yoxdur. Yeni Zelandiyada bu cür ekstremist və daha öncə görülməmiş zorakılıqlara yer yoxdur" - deyə, Yeni Zelandiyanın baş naziri Casinda Ardern bildirib.
Polis insanları Yeni Zelandiyada məscidlərdən uzaq olmağa çağırıb, çünki hücumda əli olan hər kəsin həbs olunub-olunmadığı hələ tam bəlli deyil.
Hücumun baş verdiyi məscidlərdən birini tərk edən bir kişi deyib ki, o, silahlı şəxsi görüb:
“O, yanımdan keçdi və mən də ‘Ey, nə edirsən’, deyə soruşdum, o isə mənimlə danışmadı. Uzun müddət üzümə baxdı. Daha sonra o, insanları güllələməyə başladı. Mən qaçdım. Bəzi insanlar öldü, bəziləri yaralandı”.
Polis bildirir ki, güllələmə nəticəsində təxminən 25 nəfər yaralanıb, onların bəzilərinin vəziyyəti kritikdir.
Atəş açılan zaman Banqladeşin kriket komandası məsciddə olub, amma onlar sağ-salamat qaça biliblər. Onların üçüncü kriket sınaq matçı təxirə salınıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?