Rusiya prezidenti Vladimir Putin ölkənin hakimiyyət orqanlarına onların nəzərində “saxta xəbərləri” və dövlət və xalqı təhqir edən materialları dərc edən internet saytlarını bloklamaq ixtiyarı verən qanunları imzalayıb.
Şərhçilərin, insan haqları fəallarının və Putinin yanındakı İnsan Haqları Şurasının fikrincə, prezident tərəfindən martın 18-də imzalanmış iki qanun internet üzərində hakimiyyətin nəzarətini artıracaq və fərqli düşüncələrin boğulmasına xidmət edəcək.
Rusiya prezidenti yanında İnsan Haqları Şurası əvvəlcə Dumanı, sonra yuxarı palata olan Federasiya Şurasını və sonda Putini bu qanunları qəbul etməməyə çağırmışdı.
Rusiyada hakimiyyətinin “saxta xəbər”, yaxud dövlətə və ictimaiyyətə təhqir saydığı materiallara görə vebsaytların bloklanmasına icazə verən qanunvericilik daha əvvəl Federasiya Şurasından keçib.
Prezident yanında insan haqları şurası da bu qanunun ifadə azadlığını məhdudlaşdıracağını deyirdi. Amma Federasiya Şurası martın 13-də layihəni 149-3 səs çoxluğu ilə qəbul edib.
Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası martın 11-də yuxarı palatanı qanun layihələrini yenidən işlənmək üçün Dumaya qaytarmağa çağırırdı.
Martın 7-də keçirilən səsvermədə Dövlət Dumasının 322 deputatı “saxta xəbərlər”i yasaqlayan layihəni təsdiqləyib, 78 nəfər əleyhinə səs verib.
Təhqirlə bağlı layihə isə 327-40 səs çoxluğu ilə təsdiqlənib.
Qanunvericilik mediaya nəzarət idarəsi olan Roskomnadzor-a nəyin “saxta xəbər” olduğunu müəyyənləşdirmək səlahiyyəti verir.
“Saxta xəbər” dərcinə görə fərdlər üçün maksimum 100 min rubl (1500 dollardan artıq), dövlət qulluqçularına 200 min rubl (3 min dollardan artıq) və şirkətlərə 500 min rubl (7 min 600 dollara yaxın) cərimə nəzərdə tutulur.
Layihədə deyilir ki, Roskomnadzor-un rəsmən qeydiyyata aldığı nəşrlər, onlayn media qurumları daxil olmaqla, vebsaytları bloklanmazdan öncə saxta xəbər sayıla məlumatları silmək imkanı qazanacaq.
Qeydiyyatı olmayanlar isə xəbərdarlıqsız bloklanacaq.
Təhqiri yasaqlayan layihədə isə hakimiyyəti, hökumət agentliklərini, Rusiya dövlətini, ictimaiyyətini, Rusiya bayrağını, yaxud Rusiya konstitusiyasını təhqir etməyə görə 100 min rubl, yaxud 1500 dollar cərimə nəzərdə tutulub.
Qanunu ikinci dəfə pozanlar 200 min rubladək cərimələnəcək, yaxud 15 sutkayadək həbsə məhkum ediləcək.
Qanunu iki dəfədən artıq pozanlar 300 min rubladək cərimələnə, yaxud 15 sutka həbsə məhkum oluna bilərlər.
Bu qanunvericiliyi Ədalətli Rusiya, Kommunist Partiyası, millətçi Liberal Demokratik Partiyadan deputatlar dəstəkləməyib.
Sorğu
Yeni dizaynımız necədir?