İran prezidenti Həsən Ruhani Tehranın Vaşinqton sanksiyaları aradan qaldırsa və keçən çıxdığı 2015-ci il razılaşmasına qayıtsa, Birləşmiş Ştatlarla danışıqlara hazır olduğunu bildirib. Ruhani bu açıqlamaları televiziya ilə yayımlanan çıxış zamanı verib.
ABŞ prezidenti Donald Trampın administrasiyası nüvə və təhlükəsizlik məsələləri ilə bağlı daha əhatəli razılaşmaya dair danışıqlara açıq olduğunu bəyan edib.
Lakin İran hər hansı danışıqlara başlanması üçün ABŞ-ın 2018-ci ilin mayında dünya qüdrətləri ilə əldə edilmiş razılıqdan çıxmasından öncəki səviyyədə neft ixrac edə bilməsi kimi şərt qoyub.
ABŞ-ın keçən il beynəlxalq razılaşmadan çıxaraq, İrana qarşı sanksiyaları bərpa etməsi və İranın əsas iqtisadi sektoru olan neft sektorunu hədəf alan yeni ölçülər tətbiq etməsindən sonra Birləşmiş Ştatlar və İran arasında gərginliklər daha da artıb.
Qarşıdurma keçən ay ABŞ-ın İrana qarşı hərbi hava hücumlarının keçirilməsini nəzərdən keçirməsi və prezident Trampın son anda plandan imtina etməsi ilə kulminasiya nöqtəsinə çatmışdı.
İran liderləri ilə danışıqlar çağırışına baxmayaraq, Tramp bu həftə bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları “əhəmiyyətli dərəcədə” artırılacaq.
İran ABŞ sanksiyalarına cavab olaraq, may ayında 2015-ci il razılışmasına əsasən üzərinə götürdüyü öhdəliklərdən geri çəkiləcəyini elan edib.
Razılığın xilas edilməsi üçün səy göstərən Avropa ölkələri bütün tərəfləri dialoqu bərpa etməyə çağırıb. Razılığı imzalamış Fransa, Britaniya və Almaniya bazar günü açıqladıqları bəyanatda İran körfəzində gərginliyin artması və nüvə razılaşmanın pozula biləcəyindən narahatlıq ifadə edib.
Rəsmi Tehran keçən həftə 2015-ci ildə əldə edilmiş razılıqda nəzərdə tutulduğundan daha yüksək səviyyədə uran zənginləşdirilməsinə başlanıldığını bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?