Gundemxeber.az » Dünya » HRW: Rusiya hökuməti müstəqillik və ədalətli seçkilər tələb edən insanlara dəhşətli nəticələrlə üzləşəcəkləri haqda xəbərdarlıq edir
HRW: Rusiya hökuməti müstəqillik və ədalətli seçkilər tələb edən insanlara dəhşətli nəticələrlə üzləşəcəkləri haqda xəbərdarlıq edir
İnsan haqları qrupları şənbə günü Moskvada azad seçkilər tələb edən etirazçılara qarşı polisin güc tətbiq etməsini pisləyib. Human Rights Watch bazar ertəsi Rusiya hakimiyyətinin müxalifəti susdurmaq və nəzarəti artırmaq üçün repressiyalardan istifadə etdiyini bildirən bəyanat açıqlayıb. Moskva şəhər şurasına seçki büllentenlərindən müxalifət namizədlərin adlarının xaric edilməsinə etiraz olaraq keçirilən nümayiş zamanı paytaxtda 1400-ə yaxın etirazçı həbs edilib.
Şənbə günü keçirilən etiraz aksiyası seçki rəsmilərinin 30-a yaxın müstəqil namizədin adını bülletenlərdən çıxarmasından sonra Moskvada son iki həftə ərzində keçirilmiş aksiyalardan biri idi. Rəsmilərin mitinq keçirilməsinə icazə verməməsinə baxmayaraq, bir neçə min etirazçı şəhər meriyası qarşısında toplaşdı. Şahidlərin dediyinə görə, polis aksiya iştirakçılarına qarşı amansız güc tətbiq edərək, onları döyüb, bəzilərini yerə yıxaraq sürükləyib.
Human Rights Watch adı seçki bülletenindən silinən müxalif namizəd İlya Yaşin də daxil olmaqla, 1373 nəfərin həbs edildiyini bildirib. Vəkilinin bazar ertəsi bildirdiyinə görə, Yaşin 10 günlük həbs cəzasına məhkum edilib. İlya Yaşinin vəkili Vadim Proxorov: “Əlbəttə, bu, Yaşinin seçkilərdə iştirakını diskvalifikasiya edən və bir neçə həftə uzaqlaşdıran siyasi bir qərardır. Mən əminəm ki, bunun heç bir faydası olmayacaq. Etirazçılar küçələrə çıxacaq.”
Kütləvi nümayişlərin təşkilatçılarından biri olan Aleksey Navalnı keçən həftənin şənbə günü keçirilən nümayişlər zamanı nəzarət aıtına alınaraq, 30 gün müddətinə həbs cəzasına məhkum edilsə də, bu, müxalifətin toplaşmasına mane olmadı. Bu arada isə Navalnı müəmmalı bir səbəbdən xəstəxanaya düşüb. Navalnının həkimi Anastasiya Vasilyeva: “Mən xəstəxana həkimlərinə təhlillər və araşdırmalar hazır olana qədər, azı üç gün onun tibbi nəzarət altında olmalı olduğunu dedim. Ancaq təssüf ki, yuxarıdan gələn bir əmrlə onu yenidən həbsxanaya apardılar.”
Navalnını xəstəxanada müalicə edən həkimlər onun allegiya problemi olduğunu desələr də, vəkili onda daha ciddi problem olduğunu bildirib. Navalnının vəkili Olqa Mixaylova: “Ona çox miqdarda steroid vuruldu. Əlbəttə bu, şişin çəkilməsinə yardım etdi, lakin biz sonra nə olacağını, onun bədəninin buna necə reaksiya verəcəyini bilmirik. Onu naməlum bir kimyəvi maddə ilə zəhərləyiblər. Bu nə olub, harada olub, hələlik məlum deyil.”
Navalnının zəhərlənməsi məsələsi Rusiyanın digər tanınmış dissidentlərinin zəhərlənməsi halları, xüsusilə də 2006-cı ildə Rusiyanın sabiq agenti Aleksandr Litvinenkonun Londonda ölümünü yada salır. 2015-ci ildə isə Rusiyanın digər tanınmış müxalifət lideri Boris Nemtsov Moskvada Kreml yaxınlığındakı körpüdə qətlə yetirilmişdi.
Human Rights Watch bildirir ki, Rusiya hökumətinin "güc vasitəsilə cavabı rusiyalılara dinc olsa belə, küçələrə çıxaraq müstəqillik və ədalətli seçkilər tələb edən insanlara bunun dəhşətli nəticələrilə üzləşəcəkləri haqda xəbərdarlıqdır”.
Hər iki təşkilat – həm Human Rights Watch, həm də Amnesty International Rusiya hökumətini dinc nümayişçiləri azad etməyə və onlara qarşı irəli sürülən ittihamları aradan qaldırmağa çağırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?