Türkiyə hərbçiləri terrorçu İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin bacısı Rasmiya Avadı Suriyanın Azez şəhəri yaxınlığında saxlayıb.
Gundemxeber.Az xəbər verir ki, 65 yaşlı Rasmiya Avad həyat yoldaşı, gəlini və 5 uşağı ilə birlikdə yaşadığı konteynerdə tutulub.
Türkiyənin adını açıqlamayan yüksək vəzifəli rəsmisi bildirib ki, R.Avadın tutulması kəşfiyyat baxımından “qızıl mədəni”dir: “Onun İŞİD haqqında bildikləri daha çox pis adamın tutulmasına yardım edəcək”.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, Əl-Bağdadinin bacısının tutulması rəsmi Ankaranın terrora qarşı həyata keçirdiyi əməliyyatların uğurunun bir nümunəsidir.
Qeyd edək ki, İŞİD-in qurucusu sayılan Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Əl-Bağdadi bir tuneldə mühasirəyə alınıb. O, bu zaman üzərindəki partlayıcını işə salıb. Nəticədə Bağdadinin özü, iki həyat yoldaşı və üç uşağı ölüb.
Sorğu
Yeni dizaynımız necədir?