“Gürcüstanın hakim Gürcü Arzusu Partiyası seçki sistemi ilə bağlı hər hansı yeni təşəbbüsü müzakirə etmək niyyətində deyil”.
Bunu hakim partiyanın baş katibi, Tbilisinin meri Kaxa Kaladze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, parlament seçkilərinə bir ildən az müddət qalıb: “Seçkilər qüvvədə olan Konstitusiyaya uyğun, müəyyən olunan müddətdə, yüksək demokratik standartlar və beynəlxalq ictimaiyyətin ən fəal iştirakı ilə keçiriləcək”.
Gürcü Arzusu Partiyası opponentlərini seçkilərə hazırlaşmağa çağırıb.
Bu arada Gürcüstanın Daxili İşlər Nazirliyi aksiyaçıları parlamentin girişlərini bloklamağı dayandırmağa çağırıb.
Sənəddə qeyd olunub ki, parlamentin fəaliyyətinə müdaxilə qanunla qadağan edilib: "Aksiya təşkilatçıları və iştirakçılarını polisin qanuni tələblərini yerinə yetirməyə bir daha çağırırıq. Polis qanunla nəzərdə tutulan səlahiyyətləri çərçivəsində inzibati orqanların bloklanması cəhdlərinə istənilən halda müvafiq qaydada reaksiya verəcək".
Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri 2020-ci ilin oktyabrında qarışıq sistem üzrə keçiriləcək. 2024-cü ildən etibarən isə seçkilərin proporsional sistem üzrə təşkil olunması nəzərdə tutulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?