Milli fəalların nəzərində Qasim Süleymaninin öldürülməsi sevindiricidir, çünki bölgədə törədilən terrorun və narahatsızlıqların başında o dururdu, deyə Azərbaycan Mərkəz Partiyasının rəhbəri Saleh Kamrani Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, Süleymani həm də ölkədə pan-iranist düşüncənin əsas təşviqatçısı kimi tanınırdı.
İran İslam Qvardiyasının elitar Qüds korpusunun komandanı General Qasim Süleymaninin öldürülməsi regionda müxtəlif reaksiyalarla qarşılanır. Tehran rəsmiləri Livan, Suriya, İraq, və Yəməndə İslam Respublikasının maraqları naminə döyüşən generalın öldürülməsini cəmiyyətə böyük itki olaraq təqdim edir və ona ehtiram əlaməti olaraq üç günlük matəm elan ediblər.
Lakin mövcud hakimiyyət dönəmində milli-mədəni hüquqlardan məhrum edilmiş və şiddətli basqılara məruz qalmış azərbaycanlılar arasında bu basqılara görə məsuliyyət daşıyan qüvvənin liderlərindən birinin siyasi səhnədən yığışmasına müsbət hal kimi baxılır.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının Türkiyədə qərargahlanan üzvü Elyar Makuyi Amerikanın Səsinə şərhində bildirib ki, Qasim Süleymaninin süqutu onsuz da zəif durumda olan iran rəhbərliyini daha da zəiflətmiş olacaq.
Ötən günlərdə İranın daxilində 1000-dən çox etirazçının rejim tərəfindən öldürüldüyünü önə çəkən Makuyi hesab etdiyini bildirib ki, İraqın özündə də yerli icmanın reaksiyası göstəirir ki, Süleymani regionda destruktiv mahiyyətli bir şəxs idi.
Duman Radmehrin fikrincə, yüksək rütbəli generalın öldürülməsi İranın istər hərbi, istərsə də kəşfiyyat imkanları baxımdan zəifliyini üzə çıxardı. Uzun müddət hərbi prestijini Süleymanin adı ilə bağlayan İran hökumətinin imici bu baxımdan ciddi zərbə aldı.
“Süleymaninin ölümü İranın Yaxın Şərqdəki siyasətini alt-üst edəcək," deyə Kərim Əsgəri Tehranın üzləşdiyi itkinin miqyasını proqnozlaşdırıb. Onun sözlərinə görə, Süleymani həm İranın həm hərbi lideri, həm də diplomat funksiyasını yerinə yetirirdi. Bu adam həmçinin ali dini lideri Xameneyinin ən çox etimad göstərdiyi silahdaşı, sağ əli id.
ABŞ-ın Sietl şəhərində qərargahlanan fəal Babək Çələbiyanlı nın nəzərində amerikanların hava zərbəsi ilə General Sülyemanini öldürməsi nə qədər gözlənillməz olsa da, ötən günlərdə cərəyan edən eskalasiyanın sonucu idi.
“Son zamanlarda İran dəstəkli şiə militan qrupun ABŞ-ın elçiliyinə hücumu Amerika dövləti tərəfindən qəbuledilməz bir olay idi və bu qarşılıqsız qalmayacaqdı,” deyə o, Vaşinqtonun Süleymanini vurmaq qərarını əsaslandırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?