Rusiya prezidenti Vladimir Putinin Konstitusiyaya düzəlişlər etməsini nəzərdə tutan qanunvericilik təşəbbüsü postsovet məkanında və dünya miqyasında ən çox müzakirə olunan məsələlərdən biridir.
Gundemxeber.Az xatırladır ki, Konstitusiyaya dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək.
Prezidentliyə namizədlərlə bağlı da mühüm dəyişikliklər nəzərdə tutulub. Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmalıdır. Bundan əlavə, Konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək.
Rusiyada dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından ibarət vahid publik hakimiyyət sistemi yaradılacaq.
Digər yenilik isə Dövlət Şurasının statusu ilə bağlıdır. Bu, Rusiya Prezidenti yanında məşvərətçi orqandır. Vladimir Putin Dövlət Şurasının statusunu Konstitusiya ilə müəyyənləşdirməyi təklif edib. Dövlət başçısının rəhbərlik etdiyi Dövlət Şurasına parlamentin hər iki palatasının nümayəndələri, prezidentin səlahiyyətli nümayəndələri, regionların başçıları daxildir. Politoloqların rəyinə görə, gələcəkdə Dövlət Şurası icra hakimiyyəti strukturunun bir hissəsinə çevriləcək.
Rusiya Federal Məclisinin səlahiyyətləri genişləndiriləcək. Federal Məclis Rusiya Federasiyasının parlamentidir. Bu orqan Dövlət Duması (aşağı palata) və Federasiya Şurasından (yuxarı palata) ibarədir. Federal Məclis hökuməti formalaşdıracaq. Əvvəllər Baş Nazir Dövlət Duması ilə razılaşdırılaraq Prezident tərəfindən təyin edilirdi. İndi Dövlət Duması həm də Baş Nazirin namizədliyini təsdiq edəcək və həmin namizədin təklifi ilə hökumət üzvləri seçiləcək. Prezidentin Baş Nazirin namizədliyini rədd etmək hüququ olmasa da, onu işdən azad etmək səlahiyyəti qalacaq.
Güc strukturlarına gəldikdə isə prezident bu qurumların rəhbərlərini Federasiya Şurası ilə razılaşdırdıqdan sonra təyin edə biləcək. Eyni zamanda, Silahlı Qüvvələrə komandanlıq və ölkənin bütün hüquq sisteminə nəzarət də Prezidentin əlində qalacaq.
Vladimir Putin Federal Məclisə müraciətində qeyd edib ki, Konstitusiyaya düzəlişlər qanunun fundamental əsaslarına toxunmur və deməli, vətəndaşların səsverməsi əsasında parlament tərəfindən təsdiqlənə bilər.
Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin aprel ayında keçirilə biləcəyinə dair məlumatlar da yayılıb. Kremldə artıq bu tarixlə bağlı bir neçə varianta baxılır. Ən optimal tarixin 12 aprel ola biləcəyi deyilir.
Bəzi ekspertlər hesab edir ki, Vladimir Putinin təşəbbüsü Rusiyadakı siyasi sistemin əsaslı şəkildə dəyişilməsinə gətirib çıxara bilər. Bu fikirdə olanlar Vladimir Putinin xüsusi vurğu ilə Konstitusiyaya “düzəliş planının demokratiyanı yaxşılaşdırmaq yolu” adlandırmasını, qanunvericilərin Baş naziri və kabinet üzvlərini seçmək imkanının olacağını, Prezidentin səlahiyyətlərinin məhdudlaşdırılacağına işarə etməsini əsas gətirirlər.
Lakin Rusiya hakimiyyətinə müxalifətdə dayananlar bunu Müxalifət lideri və Kremlin aparıcı tənqidçisi Aleksey Navalny Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək hər hansı bir referendumun "saxta ləkə" olacağına inandığını söyləyib. O, deyib ki, Vladimir Putinin məqsədi "ömür boyu yeganə lider" olmaqdır.
Sorğu
Yeni dizaynımız necədir?